“Bakı”, “Qarabağ” və “Bney Yehuda”nı nə birləşdirir?
12.08.2009 - 15:24
“Bakı”, “Qarabağ” və “Bney Yehuda”nı nə birləşdirir?
Məşhur “Bwin” bukmeyker kontoru klubların Avropa Liqasının qalibi olmaq şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri “Bakı” və “Qarabağ”ın da mübarizə apardığı yarışda çempion tituluna ümumilikdə 86 namizəd var. Onlardan 76-sı məlumdur ki, bukmeykerlər də bu komandaların arasında favorit qismində İtaliya “Roma”sını görürlər. Françesko Totti və komanda yoldaşlarının gələn ilin mayında bu kuboku qazanmaq ehtimalı 1:13-ə bərabərdir.

Almaniya təmsilçiləri “Verder” və “Hamburq”, həmçinin İspaniya “Vilyarreal”ının əmsalı 15,00-dir. “Bwin”in ekspertləri Çempionlar Liqasının dördüncü təsnifat mərhələsində uduzacaq 10 klubun Avropa Liqasını qazanacağını daha inandırıcı sayır. Hələ adları bilinməyən “10-luğ”un kubok sahibi olması 1,75-ə bərabərdir.

Bukmeykerlər Azərbaycan klubları arasında ayrı-seçkilik etməyərək, hər ikisinin şansını eyni dəyərləndirib. “Bakı” və ya “Qarabağ”ın Avropa Liqasını qazanacağını xəyallarına gətirənlər və bu sensasiyanı görən şəxslər 750 qat qazana bilər. Bu, əmsallara görə, 76 klub arasında 67-74-cü yerlərdə qərarlaşmaq imkanı verir. “Simurq”un qənimi olan İsrail “Bney Yehuda”sı və Fransa “Genqam”ı da bu əmsala malik 8 komanda sırasındadır. Yalnız İrlandiya “Sent Patriks”i və Ukrayna “Vorskla”sı onlara inananları daha çox varlandıra bilər – 1000,00.

Müqayisə üçün qeyd edək ki, dördüncü təsnifat mərhələdəki rəqiblərimizin əmsalı daha aşağıdır. “Bakı” ilə oynayacaq İsveçrə “Bazel”i 250,00, “Qarabağ”la görüşəcək Hollandiya “Tvente”si 81,00 əmsala malikdir.
0