“Azərbaycana pul qazanmaq üçün gəlmişəm”
14.08.2009 - 23:58
“Azərbaycana pul qazanmaq üçün gəlmişəm”
“Bakı” klubunun yeni transferi Silvino Joao de Karvalyonun (Jaba) apasport.az saytına müsahibəsi

- Azərbaycana gəlişiniz necə alındı?
- Heç özüm də bilmirəm. Amma görürsünüz də, buradayam. Bildiyimə görə, bura çox yaxşıdır, peşəkarlar çoxdur. Bu variant ortaya çıxandan sonra internet vasitəsi ilə özümə lazım olan məlumatları toplaya bildim. Məncə, Azərbaycana gəlməklə səhv etməmişəm.

- Komanda ilə birgə ilk məşqə çıxmısınız. Təəssüratlarınız necədir?
- Hər şey çox gözəldir. Artıq ilk baxışdan hiss olunur ki, komandada səviyyəli futbolçular toplaşıb. İnanıram ki, hər şey yaxşı olacaq.

- Yeni komanda yoldaşların arasında braziliyalılar da var...
- Hə, burada bir neçə həmyerlim də oynayır. Buna görə də çox şadam. Onlarla birgə olacağımdan darıxmağa vaxtım olmayacaq.

- "Bakı"da çıxış edən braziliyalılarla əvvəldən tanışlığınız var idi?
- Felikslə Fabio Luisi tanıyıram. Onlarla tanışlığım var. Arada bir internet vasitəsiylə ünsiyyət qururduq.

- "Bakı"nın Çempionlar Liqasında "Ekranas" və "Levski"yə qarşı keçirdiyi oyunları izləmisiniz?
- Yox.

- Yeni komandanı qarşıda "Bazel"lə ciddi oyunlar gözləyir. Bu haqda nə deyə bilərsiniz?
- "Bazel" yaxşı komandadır. Amma hər bir komandaya qarşı mübarizə aparmaq mümkündür. İnanıram ki, Bakıda "Bazel"ə qalib gələcəyik. Ümumiyyətlə, mərhələni keçərək, Avroliqanın qrup mərhələsinə adlamalıyıq.

- İlk oyunda hansı nəticənin qeydə alınmasını istədiniz?
- Fikrimcə, qol buraxmadan qalib gəlsəydik, çox yaxşı olardı. Bu halda səfərə də rahat yollanmaq olar.

- "Bazel" qarşısında "Bakı"nın şansları necədir?
- Məncə şanslar bərabərdir. Artıq futbolda adlar elə bir önəm daşımır. Kim yaxşı oynasa, yaxşı mübarizə aparsa, o da qalib gələcək.

- Yəqin bilirsiniz, hamı "Bazel"lə oyunda sizdən qol gözləyəcək...
- Mən də komandamın uğurlu çıxışı üçün bütün bacarığımı meydanda qoyacağam. Uzun illər Türkiyə çempionatında çıxış etmişəm. Xeyli sayda qol vurmuşam. Təcrübəm var, özümə də güvənirəm. İnanıram ki, elə "Bazel"lə oyunlarda komandama faydam dəyəcək.

- "Ankaragücü" sizi saxlamaq istəyirdi. Bundan başqa, "Antalyaspor", "Diyarbəkirspor", "Ankaraspor" da sizi almaq istəyirdi. Nə üçün o klublara razılıq vermədiniz?
- İndi Türkiyənin 4-5 klubundan başqa, demək olar ki, qalan komandaların hər birində pul problemi var. Ortabab komandalarda isə lap çoxdur belə problem. İstədim dəyişiklik olsun. Artıq 5 ildir Türkiyədəyəm.

- Burada oradakından daha çox qazanacaqsınız?
- Orada pul problemi özünü qabarıq şəkildə göstərir. Təbii ki, burada daha çox qazanacağam. Yoxsa gəlməzdim ki. Düzdü, komandanın özü də vacib amildir. Bilməliyəm ki, hansı komandaya gəlirəm. Məncə, səhv etməmişəm.

- "Ankaragücü"ndə də pul problemi vardı?
- Əlbəttə, var, özü də lap çox.

- Bəs "Antalyaspor"a keçidiniz niyə alınmadı?
- Nə bilim, alınmadı.

- "Bakı"ya yalnız pul qazanmaq üçün gəldiniz?
- Həm futbol oynamaq, həm də pul qazanmaq üçün.

- “Bakı”dan fərqli, "Ankaragücü"nün Avropada oynamaq şansı yoxdur. Seçiminizə bu amilin də təsiri oldumu?
- Əlbəttə, oldu. Burada tanınmaq şansı daha çoxdur. Necə futbolçu olduğumu hamı bilir. Ümid edirəm ki, burada hər şey yaxşı olacaq.

- "Bakı"nı bir futbolçu tərk etdi - Batista. Onu satıb yerinə sizi aldılar. Bunu bilirdiniz?
- Görək də. İnşallah, yaxşı olar. Batistanı tanıyıram. O, çox yaxşı futbolçudur. Komandaya xeyri dəyə bilərdi.

- Burada oynayan hansısa əcnəbi futbolçunu tanıyırsınız?
- Mən beş ildir Türkiyədə çıxış edirəm. Buradan heç xəbərim yox idi. Bəlkə də məni tanıyırlar, amma mən onları tanımıram.

- Xanımın varmı?
- Nişanlıyam (sol əlinin nişan barmağını - nişan üzüyünü göstərir).

- Onu da gətirəcəksiniz?
- Hə, gələcək.

- Onunla harada tanış olmuşduz, karnavaldamı?
- Yox (gülür), Portarizada.

- "Ankaragücü" yaxşı komandadır. Hə yaxşı sizi buraxdılar?
- Pulları yoxdur.

- Orada pulunuz qaldı?
- Hə, niyə qalmadı ki?! Özü də lap çox. Mənimlə "Trabzonspor" da maraqlanırdı, amma sonra bir xəbər olmadı.

- Bəs ölkə xaricindən də təklif vardı?
- Vardı. Rumıniyadan təklif almışdım, amma ora getmək istəmədim.

- "Ankaragücü" bu il 100 illiyini qeyd edir...
- Hə bilirəm, onlara uğurlar. Beş ildir o komandadayam. Hər mövsüm "Ankaragücü"nün çox ciddi problemləri olur. Hər mövsümün sonunda birinci liqaya düşmək təhlükəsi ilə üz-üzə qalırdıq. Düz beş ildir belədir.

- Daha əvvəllər Azərbaycan barəsində nəsə eşitmişdiniz?
- Yox, heç nə bilmirdim. Bu ölkə barəsində yalnız indi məndə müəyyən fikirlər yaranır.
0