“Salamməleyküm” və ya buna da min şükür!
13.08.2009 - 12:07
“Salamməleyküm” və ya buna da min şükür!
Üçqat dünya və üçqat Avropa çempionu Almaniya yığması Bakıdan əlidolu qayıtdı. Milli komandamız adlı-sanlı rəqiblə qarşılaşmada sürpriz edə bilmədi. Məğlub olacağımızı isə hələ oyundan qabaq çoxları gözləyirdi.

Foqtsun vədi
Hərçənd, matçdan öncə keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Berti Foqts bizi ümidləndirmişdi. O, Almaniyanın qapısına qol vuracağımıza söz vermişdi. Bakıda Almaniyanın oyununu izləmək, üstəlik futbolçularımızın birinin vurduğu qola görə sevinməkdən yaxşı nə ola bilərdi ki? Özü də seçmə mərhələnin bundan əvvəlki 5 matçında rəqib qapısına yol tapa bilmədiyimizdən, bu qol bizim üçün çox vacib idi. Amma...

Aciz ki olmadıq...
Əmması odur ki, qol vura bilmədik. Heç almanların qarşısında aciz də qalmadıq. Düzdür, idmanda tez-tez bu söz işlədilir: məğlubiyyətin başqa adı yoxdur. Ancaq insaf naminə, rəqibi də nəzərə almaq lazımdır. Uels kimi zəif komandaya doğma meydanımızda 0:1 uduzmaqdansa, dünənki məğlubiyyət daha yaxşı nəzərə çarpır. Almaniya milli komandası əsl futbolçu fizinonomiyasına malik oyunçulardan təşkil olunub. Ucaboy, fiziki hazırlıqlı və s. Bizimlə onların ən başlıca fərqi bu idi. Buna baxmayaraq, dünən futbolçularımızın ifasında düşünülmüş kombinasiyalar, sürətli oyun gördük. Mən milli komandamızın belə savadlı oyununu nadir hallarda görmüşəm. Nəhayət, biz də anlamağa başlamışıq, futbolu ayaqdan savayı, başla, yəni ağılla oynamaq vacib şərtdir. Sadəcə, indi qalır “Qarabağ”ın heyətində də “lal” olan Vaqif Cavadova, Vüqar Nadirova, ələlxüsus da bu fani dünyanı klubsuz gəzib-dolaşan Daniel Axtyamova qol vurmağı öyrətmək.

Kim razıdır, kim narazı?
Yeri gəlmişkən, Foqtsun hər oyundan sonra Daniel Axtyamovu tərifləməsini heç cür anlamaq mümkün deyil. Adətən, almaniyalı mütəxəssis matçın ardından konkret futbolçunu tərifləmir, səhvə yol vermiş oyunçunun adını açıqlamır. Amma Axtyamov istisnadır, bilinmir niyə? Bastian Şvaynştayger və Miroslav Klozenin hər hissənin əvvəlində vurduğu bir qol məğlubiyyətimizi şərtləndirdi. Hər dəfə yığmamızın hücumu bəhrəsiz qalanda isə diqqətimi Tofiq Bəhramov adına Respublika stadionunun üzərində uçuşan sellofanlar çəkirdi . Eh, qayğısız sellofanlar, siz bizim neçə məğlubiyyətimizin şahidi olmusunuz, neçə?... Qarşılaşmadan sonra jurnalistlər önünə çıxan baş məşqçilərin müxtəlif əhval-ruhiyyələri isə məni əməlli-başlı təəccübləndirdi. Təsəvvür edin ki, uduzan yığmanın baş məşqçisi - Berti Foqts nikbin nəzərə çarpırdı, sualları maraqla cavablandırırdı, yetirmələrindən razılığını bildirirdi. Almanların baş məşqçisi Yoahim Löv isə sanki indicə komandası 10 qol buraxan çalışdırıcını xatırladırdı. O, futbolçularından bərk narazı qalmışdı. Bəlkə də artıq incimişdi...

Biz - Onlar - 0:12
Beləliklə, milli komandamız 5 ay ərzində AVRO-2008-in bütün mükafatçıları ilə qarşılaşdı. Martın 28-də qitə çempionatının bürünc mükafatçısı Rusiyaya səfərdə 0:2 hesabı ilə uduzan həmyerlilərimiz daha sonra məğlubiyyətləri sıraladılar. Yığmamız iyunun 2-də Kayseri şəhərində AVRO-2008-in digər bürünc medalçısı Türkiyə komandasına da eyni hesabla yenildi. İyunun 9-da Avropa çempionu İspaniyaya doğma meydanımızda böyük hesabla uduzduq - 0:6. Bu da gümüş mükafatçı almanlar. Deməli, bizim göstəricimiz “0” oldu, onlarınkı “12”...

Gəl, bəri!
Bakıda “Alman maşını” işə düşmədi. Ola bilsin, hansısa mexanizm xarab olmuşdu. Almanların darmadağınından qurtulduq. Bundan başqa, məhz almaniyalılarla oyun ərəfəsində Berti Foqts media nümayəndələrini öz dilimizdə salamladı: salamməleyküm. 1 il 5 aydan sonra onun dilindən doğma ifadə eşitdik. Buna da min şükür! Bilmirəm, bu, müqaviləsinin başa çatması ərəfəsində mətbuatla münasibətləri yaxşılaşdırmaq məqsədilə Foqtsun taktiki gedişidir, yoxsa sadəcə, təsadüf, ancaq hər halda, belə salamlaşmağın ləzzəti ayrıdır. Əleyküssalam, Foqts! Sentyabrın 5-də Finlandiya yığması ölkəmizə gəlir. Gücünüzü onlara göstərin, əgər imkanınız varsa...

Aqşin ƏLİYEV
0