“Çerçesovla bağlı yayılan xəbərlər yalandır!”
26.08.2009 - 18:32
“Çerçesovla bağlı yayılan xəbərlər yalandır!”
“Stanislav Çerçesov, eləcə də Sven-Qoran Erikssonla danışıqlar aparmağımız barədə yayılan məlumatlar yalandır!” Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Milli komandamızın baş məşqçisi Berti Foqtsun tutduğu vəzifəyə başqa mütəxəssisin gətiriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirən Məmmədov bunların həqiqətəuyğun olmadığını söyləyib: “Düzü, bu məlumatların haradan qaynaqlandığını bilmirəm. Bəlkə də kimlərsə ajiotaj yaratmaq, özlərini ucuz reklam etmək istəyirlər. Amma qəti bəyan edirəm ki, biz heç kimlə danışıqlar aparmırıq və eyni zamanda, AFFA rəsmilərindən kiməsə tapşırılmayıb ki, hansısa mütəxəssisə təklif göndərsin”.

Baş katib vurğulayıb ki, Berti Foqtsla yeni müqavilə bağlanıb-bağlanılmayacağı yaxın 3 ay ərzində müəyyənləşəcək: “AFFA rəhbərliyinin Berti Foqtsla bu ilin dekabrınadək razılaşması var. Biz bu müqaviləyə hörmətlə yanaşırıq. Foqts Azərbaycan yığmasında işlədiyi dövrdə də klub və milli komanda səviyyəsində çoxlu təkliflər alıb. Ancaq nə biz başqa məşqçilərlə danışıqlara girmişik, nə də Foqts ona gələn təkliflərə müsbət cavab verib. Çünki ortalıqda müqavilə var və bu sənəd qüvvədə olduğu vaxtda, kiməsə dəvət göndərməyimiz qeyri-etik sayılar. O ki qaldı Foqtsla anlaşmanın uzadıb-uzatmamağa, bu məsələ ilə bağlı oktyabrın sonları, noyabrın əvvəllərində müzakirələr aparılacaq və müvafiq qərar qəbul olunacaq”.
0