“Məğlub olsaq belə, sonadək mübarizə aparacağıq”
26.08.2009 - 19:18
“Məğlub olsaq belə, sonadək mübarizə aparacağıq”
“Tvente” ilə ilk görüşdə bəzi səhvlərimiz olmuşdu. Bunların üzərində işləmişik. Sabah həmin səhvləri görməyəcəyik. Uduzsaq belə, sonadək mübarizə aparacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avroliqanın dördüncü təsnifat mərhələsində Hollandiyanın “Tvente” klubunu sınağa çəkəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, sabah keçiriləcək cavab matçında komandasının yararlanacağı taktikaya toxunub: “Birinci oyunda qeydə alınan nəticədən asılı olmayaraq, taktikamızı dəyişməyəcəyik. Çünki uzun müddətdir eyni taktikadan istifadə edirik. “Tvente”yə qarşı müdafiə futbolu göstərməyəcəyik”.

Ötən həftə səfərdə 1:3 hesabı ilə uduzan Ağdam təmsilçisinin baş məşqçisi bildirib ki, qrup mərhələsinə adlamağa çalışacaqlar: “Həddən artıq çox şey fikirləşməyimiz bizim əleyhimizə olar. Sadəcə, biz bilirik ki, ilk görüşdə uduzmuşuq və sabah bunun əvəzini çıxmalıyıq”.

Qurbanov onu da deyib ki, zədə səbəbindən Rəşad Sadıqov və Emin İmaməliyev “Tventə” ilə qarşılaşmada forma geyinə bilməyəcəklər.
0