Medvedev: “Qarabağ” klubundan gedəcəyəm
31.08.2009 - 23:05
Medvedev: “Qarabağ” klubundan gedəcəyəm
“Qarabağ” klubunun futbolçusu Maksim Medvedevin müsahibəsi

- Maksim, “Tvente” ilə oyunlar barədə nə deyə bilərsən?
- Səfərdə 1:3 uduzduğumuz üçün bizə qələbə mütləq vacib idi. Oyundan öncə Qurban Qurbanov bizə demişdi ki, şanslar 50-nin 50-yədir. Tapşırmışdı ki, komanda ilk dəqiqələrdən hücumda olmalıdır. Üstünlüyü də ələ keçirdik. Gözlədiyimizdən də artıq qol vəziyyəti yaratdıq. Ən çox da birinci hissədə. Vüqarın, Vaqifin əlinə imkan düşdü. "Tvente" özünü itirmişdi. Əgər o toplardan biri qapıdan keçsəydi, ikinci hissədə istədiyimiz nəticəni qazanardıq. Hakimlər də hollandlara simpatiya bəslədi. Birinci hissədə onların müdafiəçisi cərimə meydançasında əllə oynamışdı. Mən gözlədim ki, rumın referi bu dəqiqə penalti verəcək. O isə oyunu davam etdirdi. Üzgünük ki, heç olmasa, 1 qol da vura bilmədik. Amma "Tvente" də adlı-sanlı komandadır, güclü heyəti var. Onlardan geri qalan oyun göstərmədik, əksinə, üstün təsir bağışladıq.

- Səncə, cütün taleyi Hollandiyada həll olunmamışdı?
- Hollandiyada da yaxşı oyun oynadıq. Hesabı açdıq, ardıcıl qol vəziyyətləri yaratdıq. Birinci hissədə hiss olunmurdu ki, biz səfər meydançasındayıq. Amma azarkeşlərin "Tvente"yə dəstəyi çox güclü idi. Tribunalar susmurdu. Bu, ikinci hissədə bizdəki həyəcanı artırdı. Öz səhvlərimizdən qollar buraxdıq. "Tvente" hava toplarından güclü istifadə edir.

- Bu dəfə hücuma tez-tez qoşulurdun. İlk matçda isə belə etmirdin. Qurbanov bu barədə nə demişdi?
- Hər iki oyunda mənə fərqli tapşırıq vermişdi. Hollandiyada demişdi ki, sən öz mövqeyindən kənara çıxma, zonanı həmişə bağla. Yəni, mənim vəzifəm sırf müdafiədə qalmaq idi. İndi isə hücuma çıxmağı demişdi. Sağ cinahdan qapı qarşısına bacardığım qədər ötürmə verməliydim. Məncə, pis alınmadı. Bir neçə dəfə bunu etdim. "Tvente"nin müdafiəçiləri hündürboy olduğundan, onları keçmək çətini idi.

- Rəqibin ən təhlükəli oyunçuları Ruiz və Duqlasla dəfələrlə üz-üzə gəldin. İkinci hissənin əvvəlində Stiv Maklaren səni onlara nişan verdi.
- Hər ikisi mənim cinahımda idi. Öncə elə bildilər ki, müdafiədən qabağa çıxmayacam. Sonra da gördülər ki, tez-tez irəli gedib-gəlirəm, düşdülər arxamca. Onlar bura arxayın gəlməmişdilər. Bütün oyunu müdafiədən qurdular ki, qol buraxmasınlar. Bu, mənim üçün də təəccüblü idi. "Tvente"dən açıq oyun gözləyirdim. Ola bilsin ki, əvvəlcə bunu fikirləşiblər, bizim oyunu görəndən sonra fikirlərini dəyişiblər. Mərhələ keçmək üçün ilk oyunda iki top fərqiylə uduzmaq bizə problem yarada bilməzdi. Bəxtimiz gətirmədi. Hə Hollandiyada, nə burda. Belə baxanda, "Tvente"nin təcrübəli oyunçuları daha çoxdur. Hollandiya çempionatında liderlərdən biridir.

- "Qarabağ" Hollandiya çempionatında mübarizə aparsaydı, səncə, neçənci yer tutardı?
- Rahat oynayardıq. İlk "altılığ"a düşmək olardı. Ən güclü çempionatlardan biri Hollandiyada keçirilir. Səviyyəli komandaları çoxdur. "Tvente"yə göstərdik ki, biz onlardan heç də zəif deyilik. Oyun təcrübəmiz bir az da artıq olsaydı, Avroliqanın qrupuna düşmüşdük. Zədəlilərimiz oldu. Rəşad, Elnur və Emin Hollandiyada meydana çıxmadı. Mən heç bir uşağın əziyyətini yerə vurmaram. Hamı çalışdı ki, özünü göstərsin.

- Rəşad və Elnur olanda özünü müdafiədə daha rahat hiss edirsən?
- Hər futbolçunun öz yeri var. Mən istəyirəm ki, səhvsiz oynayım. Rəşad vacib qollar vurub. Onun səviyyəsinə şübhə etməyə dəyməz. Elnur da vuruşqan uşaqdır, öz mövqeyində möhkəmdir. Tapşırıq beləydi ki, "Tvente"ni müdafiəyə yaxın buraxmayaq. Onlara meydanın özlərinə aid hissəsində pressinq tətbiq elədik. İlk hissədə cəmi bir dəfə qapımıza yaxınlaşdılar. Onda da yan xətt hakimi oyundankənar vəziyyət qeydə aldı. İkinci hissədə istədilər ki, ərazi üstünlüyünü geri alsınlar. Cəmi 2-3 dəqiqə bunu edə bildilər.

- Son 10-15 dəqiqədə hücumların kəsəri bir az aşağı düşdü. Uşaqlarda ruh düşkünlüyü yarandı?
- Ruh düşkünlüyü deyildi. Heç yorulmamışdıq da. Sadəcə, o qədər hücumdan sonra topun qapıdan keçməməsinə inana bilmirdim. Axıra yaxın "Tvente" tamamilə müdafiəyə çəkilmişdi. Qol vurmaq fikirləri yox idi.

- Avroliqada gördüyün rəqiblərdən ən güclüsünün adını deyə bilərsən?
- Püşk atılandan sonra hamı deyirdi ki, ən güclü rəqib "Qarabağ"a düşüb. "Rusenborq" həqiqətən də səviyyəli komandadır. Horveç və Bakıdakı oyunlarımız hədsiz ağır keçdi. "Tvente"nin də öz yeri var. Hərəsi bir cür futbol oynayır. Dördüncü mərhələyədək gəlib çıxmağımızın özü böyük uğurdur. "Qarabağ" əsl səviyyəsini göstərdi. Biz də xeyli təcrübə topladıq.

- Hücum xətti gücləndirilsəydi, məsələn, Vüqar Nadirovun mövqeyində Zaur Ramazanov çıxsaydı, "Tvente"ni də keçmək olmazdı?
- Futbolçu seçimi baş məşqçinin işidir. Vüqar da, Vaqif də yaxşı hücumçulardır. O topların qapıya getməməsi möcüzə idi. Heç bir futbolçu bu oyunlarda zəif təsir bağışlamadı. Komandaya nə çatışıb-çatışmadığını ancaq Qurban müəllim bilə bilər.

- Bu oyunu Premyer Liqada da davam etdirə biləcəksiz? Necə də olmasa, atmosfer və motivasiya fərqlidir.
- Güclü heyətimiz var. Gələn mövsümü titulla başa vurmaq istəyirik. Bu uğurumuzu təkrarlayıb, daha da irəli getməliyik. Gələn il qrupda oynayarıq. Premyer Liqada güclü komandalar çoxdur, birinin yox, bir neçəsinin adını çəkə bilərəm ki, əsas rəqiblərimizdir. Bu çempionat əvvəlkindən də ağır keçəcək.

- İndiki "Qarabağ"la kuboku qazanmış komanda arasında fərqi nədə görürsən?
- Fərq, əlbəttə, var. Yeni uşaqlar gəlib komandaya. İndi biz bir-birimizi daha yaxşı başa düşürük. Əvvəlcədən də bizdə mehribançılıq vardı.

- Bir dəfə demişdin ki, "Yuventus"da oynamaq istəyirsən. Avroliqanın bütün matçlarında meydana çıxdın. Yeni təklif almadın?
- Legioner həyatı yaşamaq mənim çoxdankı arzumdur. Azərbaycandan kənara çıxmaq istəyirəm. Türkiyə və Rusiyanın birinci liqalarında oynamağı nəzərdə tutmuram. Getsəm, ancaq güclülər dəstəsində oynayaram. "Yuventus" uşaqlıq komandamdır. Həmişə italyanlara azarkeşlik eləmişəm. Fərq eləmir, güclü klubların birindən yaxşı təklif alsam, gedəcəm. "Qarabağ" rəhbərliyi də bu istəyimdən xəbərdardır.
0