Ramiz Məmmədov: Gəlin, bunu şişirtməyək
31.08.2009 - 23:24
Ramiz Məmmədov: Gəlin, bunu şişirtməyək
“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun apasport.az saytına müsahibəsi

- Komandanız Premyer Liqaya uğurlu start götürüb...
- İlk tur həmişə çətin olub. Qarşıdakı komandanın iddialı və iddiasız olması önəm daşımır. Hamı bütün gücünü qoyur ki, çempionata yaxşı başlasın. "Simurq"un "Bney Yehuda" ilə oyununu izləmişdim. Köməkçilərimlə birgə 4 gün onları analiz elədik. Müdafiəçiləri top saxlamayan komandaları gərək pressinq altında saxlayasan. Onlar xoşlayırlar ki, topu rahat qəbul edib, sonra qabağa vursunlar. Mən də Kənanla Melnikə tapşırmışdım ki, müdafiəçilərə yaxın oynasınlar. Hər iki qolu belə vurduq. Ürəyimə dammışdı ki, hesabı Kənan açacaq. Onu əbəs yerə kapitan seçməmişik. Kənan xarakterinə və oyununa görə komandamızın lideridir. Hələ "Turan"da çıxış etdiyim vaxtdan bu futbolçunu yaxından tanıyıram. Vurduğu qolu gəlib mənimlə bölüşdü. Üstümə qaçıb, ad günümü təbrik etdi. Açığı, üzərimdə elə yük varı idi ki, heç ad günü də yadıma düşmürdü.

- Stadiona gələn azarkeşlərin əlində bununla bağlı bir plakat da gözümüzə sataşdı...
- Bunu sonra mənə dedilər. Mingəçevirli azarkeşlər idi. 41 yaşım tamam oldu. Uzun müddət futbol oynasam da, son dörd-beş ildə məşqçilikdə gördüyüm çətinlikləri onlarla müqayisə eləmərəm. Heç vaxt belə olmamışdı ki, ad günü ərəfəsində oyun keçirim. Allahın qismətidir ki, "Simurq" üzərində qələbəni bu vaxta saldı. Keçən çempionatda üçüncü yer tutan komandadır, güclü heyəti var. Biz sadəcə, qorxmadıq. Hər iki tərəfin fərqlənmək üçün 3-4 imkanı oldu. Oyuna "Simurq" daha fəal başlamışdı. Pavel Doroşevi yayda bir çox komandalar istəyirdi. "Simurq" da onlardan biri. Yaxşı ki, Paveli satmadıq, Onun qurtarışları bizi məğlubiyyətdən qələbəyə apardı. Düzdür, əvvəldə bir səhvə yol verdi, amma sonra qapıçı meydançasına nəzarəti ələ aldı. Bir çox epizodlarda da son müdafiəçi mövqeyində çıxış elədi. Müdafiəçiləri keçən topları yalnız özü çıxarırdı.

- "Qəbələ" adətən çempionata qələbə ilə başlasa da, növbəti turlarda bu stabilliyi qoruya bilmir. Bunun təkrarlanmaması üçün nə edəcəksiz?
- Yaralı yerimə toxundunuz. İlk iki turda qələbə qazansaq da, davamını gətirə bilmirdik. Bəxtimizdən üçüncü turda həmişə "Neftçi" ilə qarşılaşmışıq. Bu dəfə də püşk belə gətirdi.

- Milliyə görə üçüncü tur təxirə salındı. Sizcə, bu normaldır?
- Qərarı AFFA və PFL rəhbərliyi veribsə, onlarla razılaşmalıyıq. Bütün klublar milliyə işləməlidir. Komandanı qarşıda çətin oyunlar gözləyir. Hamımız istərdik ki, yığma Finlandiya və Almaniya ilə oyunlarda yaxşı nəticə qazansın. Finləri Lənkəranda udmalıyıq. Mən başqa klubların adından danışmaq istəməzdim. Yalnız öz yerimə deyə bilərəm ki, son qərardan narazılığımız yoxdur.

- Bu qərar "Qəbələ"nin hardasa xeyrinə oldu. Çünki çoxlu sayda zədəliləriniz var. Onların sıraya dönməsi üçün vaxt lazımdır...
- Gəlin bunu şişirtməyək. "Simurq"la oyunda əsas heyətdən 6-7 nəfər yox idi. Türkiyədən 3-4 nəfər zədəli qayıtdı. Revaz Qetsadze və Kristian Torresin də transfer vərəqi gəlməmişdi. Artıq bu problemlər aradan qalxıb. İndi onlara oyun praktikası lazımdır. Deməzdim ki, "Neftçi" ilə qarşılaşsaydıq, uduzacaqdıq. Biz öz oyunumuzu oynayandan sonra kim nə edə bilər ki? Fasilədən yararlanmaq məqsədi ilə birinci divizion təmsilçisi "ABH-Bərdə" ilə yoldaşlıq oyununda qüvvəmizi sınadıq. 5:1 qalib gəlsək də, rəqibə hörmətsizlik olmaması üçün asanlıqla udduğumuzu demək istəmirəm. Kənan Kərimov yenə 2 qol vurdu. Vurğun Hüseynov, Milan Marinkoviç və Maksim Skoroxodov isə hərəyə bir dəfə fərqləndilər. Fikrimiz var ki, daha 2-3 belə oyun keçirək. Bəlkə Bakıya gəldik. Yoxlama görüşləri aradakı boşluğu doldurmaq üçün bizə vacib lazımdır.

- Transfer bazarında fəallıq göstərən klublardan biri də "Qəbələ" idi. Üstünlüyü bu dəfə legionerlərə verdiniz. Yerli futbolçularla az maraqlanmağınızın səbəbi nədir?
- İstədiyimiz oyunçuların klubları ilə müqavilələri var. Bəziləri isə layiq olduğundan qat-qat çox pul istəyir. Səviyyəli futbolçu azdır. Legioner seçimi isə genişdir. Menecerlərə de, dünyanın harasından istəsən, hansı mövqeyə desən, sənə futbolçu taparlar. Seleksiya işinə Ukrayna, Latviya, Litva və Estoniyadan başladıq. Marağımızı çəkən oyunçuların əksəriyyəti heç baxışa gəlmək istəmədi. Buna baxmayaraq, Türkiyədə güclü seleksiya apardıq. Aldığımız oyunçuların səviyyəsi o biri klubdakılardan heç zəif deyil.

- Yayın əvvəlində klubu bir xeyli futbolçu tərk etdi. Onların içində eləsi olmadı ki, saxlamaq istərdiniz?
- Bəziləri oldu. Fərzad Hatəmi İrana qayıtdı, Abdul Kader Kamara "Olimpik"ə keçdi. Ən çox da Kamaraya görə təəssüflənirəm. Arada bir anlaşılmazlıq oldu, onunla da Kamaranı itirdik. Hələ də mərkəz yarımmüdafiəçisi mövqeyinə namizəd axtarırıq. Çoxlarını baxışdan keçirdik, qvineyalının yerini vermədi.

- Onun qayıdışı, ümumiyyətlə, gözlənilmir?
- Gedənlərin hamısına özümün və rəhbərliyin adından təşəkkür edirəm.

- Azər Məmmədovu son anda heyətə qatdınız. Bu, məcburi addım idi?
- "Turan"da olandan bilirəm ki, Azər necə futbolçudur. Vəziyyət elə gətirdi ki, onu indi "Qəbələ"yə dəvət etdik. "Simurq"la oyunda öz mövqeyində çıxış eləmirdi. Məcburiyyətdən müdafiənin mərkəzinə çəkmişdik.

- Komanda nə vaxtadək rəqiblərini Mingəçevirdə qəbul edəcək?
- Qəbələdə stadionu söküb, yerində yenisini tikəcəklər. Yenisi gələn yayadək hazır olmalıdır. Bir süni örtüklü meydan da var ki, o artıq düzəlib. Sentyabrın axırında da Qəbələyə gedə bilərik, dekabrda da. Məndən olsa, qarşıdakı ev oyunlarını da Mingəçevirdə keçirərdim. Bura bizə düşərlidir. Nə vaxt Mingəçevirdə oynamışıq, uduzmamışıq. Azarkeşlərimiz də çox olur. Qəbələdə oyun keçiriləndə hər dəfə Mingəçevirdən 4-5 avtobus adam gedir. İndi ordan da bura gəlirlər.

- Gələn mövsümdən legioner limiti 8+3 olacaq. Buna hazırsınız?
- Peşəkar Futbol Liqası çempionatın keçirilməsi ilə məşğul olandan bəri bir sıra mühüm işlər görülüb. Təşkilati işlər qaydasındadır. Stadionlarda heç bir problemlə üzləşmirik. Təhlükəsizlik tədbirləri yüksək səviyyədədir, oyunlar canlı yayınlanır. PFL çempionatın təbliği üçün çalışır. Gəlin, düz danışaq, bunlar Ramin Musayevin xidmətidir. Allah eləsin, hakimlikdə də problem yaranmasın. Birinci turda Rövşən Əhmədovun idarəçiliyindən narazı qalmadım. Ötən illərdə hakim səhvlərinə görə az xal itirməmişik. Əziyyətimizin hədər getməsini istəmirəm. Hakimliklə bağlı son islahatları dəstəkləyirəm. Qaldı ki limitə, fikrimcə, 8+3-ə keçmək tezdir. Mən də istəyirəm ki, yerli uşaqları çox oynadım. Vallah, səviyyəsi olan "yuxarıdan gedir", qalanları da gündə bir klub dəyişir. Ehtiyat qüvvə isə azdır. Minimum 2-3 il də limit qoyulmamalıydı. Başqa klublardan misal çəkmirəm, bizdə Pərvin Paşayev, Vurğun Hüseynov, Elnar Kərimov legionerlərə baxıb, öz üzərində artırır. Legionerlərin hesabına çempionatın səviyyəsi qalxıb. Bizimkilər onlara baxıb, məsuliyyətli olmalıdır. Mən qorxuram ki, 2-3 ildən sonra klublar arasında uçurum yarana bilər. İki-üç iddialı bütün yaxşı yerli uşaqları yığacaq, digərlərinin buna gücü çatmayacaq. Bu gün bizim məqsədimiz həm Premyer Liqada ilk "altılığ"a düşmək, həm də kubokda finala vəsiqədir. "Qəbələ"ni ictimaiyyət kubok komandası kimi tanıyır. İki dəfə yarımfinala çıxmışıq. Avropaya vəsiqələrdən biri bizim olmalıdır. Yaxşı legionerlər aldığımız üçün iddiamız da artıb. Sabah onlar olmayandan sonra işimiz lap çətinləşəcək. Gözləyək ki, nə vaxt özümüzünkülər yetişəcək. Klublar hələ limitə hazır deyil.
0