“Onlar qarşıma şərtlər qoyurdular”
01.09.2009 - 14:47
“Onlar qarşıma şərtlər qoyurdular”
“Standard” klubunun futbolçusu Zaur Ramazanovun apasport.az saytına müsahibəsi

- Ötən mövsüm heyətində kubok qazandığınız “Qarabağ”dan “Standard”a keçməyinizə səbəb nə oldu?
- Elə bilirdim ki, “Qarabağ” bu il ev oyunlarını Bakıda keçirəcək. Lakin onlar rəqiblərini Ağdamda, Quzanlıda qəbul edəcəklər. Mən isə rayonda oynamaq istəmirəm. Həm də baş məşqçi Qurban Qurbanov “Qarabağ”da cavanlaşdırma siyasəti aparır. Buna görə də, icarə əsasında 6 ay “Standard” komandasında oynamaq qərarına gəldim.

- Amma “Standard” da artıq paytaxt təmsilçisi deyil...
- Sumqayıta Bakıdan uzaqda deyil. Dümdüz yolları var, cəmi 15 dəqiqəlik məsafədir.

- “Qarabağ”dan ayrılarkən, rəhbərlik və ya baş məşqçi ilə narazılıq yaşanmadı ki?
- Yox, heç bir narazılıq olmadı. Qurban Qurbanovla milli komandada birgə oynamışıq, problemimiz yoxdur. “Standard”a transferimdə onun da, mənim də istəyim olub. Yəni, “Qarabağ”dan xoşluqla ayrıldım. Əmrah bəy (“Qarabağ”ın direktoru Əmrah Çəlikəl nəzərdə tutulur - red.) sağ olsun, mənə çox köməkliklər edib, qarşıma heç bir şərt qoymadı. Mən demişdi ki, gələcək klubunu özün seç. Kimsə məni başqa kluba keçməyə məcbur etməyib. Ay pul gətir, nə bilim, filan şərti yerinə yetir - belə hal olmayıb.

- “Qarabağ”ın üzvü olsanız da, Avroliqada komandaya kömək etmədiniz. Özü də Ağdam klubunda hücumun zəifliyi daha çox nəzərə çarpırdı. Komandaya yardımçı olmadığınıza görə, sizə irad tutmadılar?
- Həmin vaxt xəstəlik ucbatından “Qarabağ”ın düşərgəsinə qoşula bilmədim. Klub təlim-məşq toplanışından qayıtdı, Avroliqada mübarizəyə başladı. Asta-asta məşqlərə start verməyimə baxmayaraq, çatdıra bilmədim. Həm də “Qarabağ”ın qitə miqyaslı yarışda oyunu alınırdı. Mən lap özümü çatdırsaydım belə, oynamağım tez idi, çünki komanda formalaşmışdı.

- Siz “Qarabağ”ın Avroliqada çıxışını necə dəyərləndirirsiniz?
- Çox yaxşı. Azərbaycanlı oyunçular sübuta yetirdilər ki, futbolumuzda inkişaf var. Gedib külli miqdarda pul verib, camaatın başını aldatmaqdansa, yerli futbolçulara güvənmək 100 dəfə yaxşıdır.

- Avroliqa matçlarına kənardan baxarkən, düşünmürdünüz ki, “Qarabağ”da yerim görünür?
- Bunu mənə Əmrah bəy də dedi. O bildirdi ki, sən oynasaydın, bəlkə də qrup mərhələsinə vəsiqə qazanardıq. Təəssüf ki, “Qarabağ”a kömək edə bilmədim. Ötən mövsüm komandanın Azərbaycan kubokunu qazanmasında mənim 70 faiz əməyim olub.

- “Standard”dan başqa klublardan təklif var idimi?
- Var idi. Amma onlar qarşıma müxtəlif şərtlər qoyurdular. Başımın sakitliyi üçün “Standard”a keçdim.

- Yəqin ki, fiziki formanız heç də yaxşı deyil.
- Sizi niyə aldadım? Desəm ki, fiziki formam əladır, hər şey qaydasındadır, bu, yalan olar. Mən ay yarım, iki ay məşq etməmişəm. İndi yavaş-yavaş məşqlərə başlamışam. Tam hazır olmağım üçün 10-15 gün vaxt lazımdır.

- “Qarabağ”la müqaviləniz nə vaxta qədərdir?
- Hələ iki illik razılaşmam var.

- “Standard”la icarə müqaviləsi başa çatdıqdan sonra “Qarabağ”a qayıdacaqsınız, yoxsa...?
- Düzü, bunu indidən söyləmək çətindir. Hər şeyi zaman göstərəcək.
0