“Xəzər-Lənkəran” klubu Yuri Panfilov məsələsinə aydınlıq gətirdi
01.09.2009 - 15:23
“Xəzər-Lənkəran” klubu Yuri Panfilov məsələsinə aydınlıq gətirdi
“Xəzər-Lənkəran” klubunun əvəzedici və uşaq-yeniyetmə futbolçulardan ibarət komandalarında struktur və məşqçi dəyişiklikləri baş verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik ukraynalı mütəxəssis Yuri Panfilovun qısa zaman kəsiyində uşaq və yeniyetmələrdən ibarət komandalarda göstərdiyi fəaliyyəti uğurlu sayaraq, əvəzedici heyətə ümumi nəzarəti də ona tapşırmaq qərarına gəlib.

Beləliklə, vaxtilə Braziliyada çalışmış Panfilov “Xəzər-Lənkəran”da ehtiyat qüvvəsinin yetişdirilməsi strukturunda böyük səlahiyyətlər əldə edib. Əvəzedici komandada baş məşqçisi vəzifəsini əvvəlki kimi, Fazil Əsədov yerinə yetirəcək. Onun köməkçiləri isə Nəbi Tağıyevlə Elşad Tahirov olub.

Eyni zamanda, “Xəzər-Lənkəran” rəhbərliyi Panfilovun tövsiyələrini nəzərə alaraq, aşağı yaş qrupları üzrə komandaların məşqçi heyətlərini yenidən tərtib edib. Bundan sonra ukraynalı məşqçinin ümumi rəhbərliyi altında 1993-94-cü il təvəllüdlü (U-17) futbolçuları Mircəlal Əliyev, 1995-96-cı il təvəllüdlü (U-15) futbolçuları Namiq Qarayevlə Siyasət Əliyev, 1997-98-ci il təvəllüdlü (U-13) uşaq futbolçuları Məhərrəm Bağırov, 1999-cu il təvəllüdlü və daha az yaşlı futbolçuları isə Ağadadaş Həmidov çalışdıracaq. Vidadi Hüseynov isə bütün yaş qrupları üzrə komandaların qapıçılarına məşq keçəcək.
0