“Lənkəranda azarkeşlərin dəstəyi ilə qələbə qazana bilərik”
03.09.2009 - 13:28
“Lənkəranda azarkeşlərin dəstəyi ilə qələbə qazana bilərik”
“Bir neçə futbolçu zədə üzündən Finlandiya ilə oyunda komandamıza kömək edə bilməyəcək. Heyətimizdə itkilərin olmasına baxmayaraq nikbinik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının vitse-kapitanı Samir Abbasov deyib.

Milli komandamızın kapitanı Rəşad Sadıqovun yoxluğunda sarğını daşıyacağı gözlənilən təcrübəli futbolçu eyni zamanda müdafiə xəttində ən çox güvənilən isimlərdən olacaq. Samir Finlandiya ilə keçiriləcək rəsmi oyunda qələbə qazanacağımızla bağlı nikbindir: “Uğurlu nəticəyə imza atacağımıza inanıram. Buna Lənkərandakı azarkeşlərin dəstəyilə nail ola bilərik”.

Milli komandamızın digər müdafiəçisi Saşa Yunisoğlunu isə Rəşad Sadıqovun yoxluğu narahat edir: “Onun yoxluğu bizim üçün ciddi itkidir. Rəşadın yoxluğunu oyunumuzla hiss etdirməməyə çalışacağıq. Qol vurmaq və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Futbolda əvvəldən nəsə demək çətindir. Hər halda, Finlandiya yığmasına qarşı bir neçə dəfə oynamışıq və qələbə də qazana bilmişik”.

Qələbə qazanmaq üçün əsas qol ümidimiz olan gənc hücumçu Vaqif Cavadov əhval-ruhiyyələrinin yüksək olduğunu bildirib: “Meydana qələbə qazanmaq üçün çıxacağıq. İnşallah, Bakıdan kənarda keçirdiyimiz ilk rəsmi oyunda qələbə qazanarıq”.
0