“Azərbaycan - Finlandiya oyununa bakılı dostlarımla baxacağıq”
01.09.2009 - 17:01
“Azərbaycan - Finlandiya oyununa bakılı dostlarımla baxacağıq”
Lənkəran şəhər stadionu dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 5-də Azərbaycan və Finlandiya yığmaları arasında baş tutacaq qarşılaşmaya tam hazırdır. Bunu APA-nın cənub bürosuna stadionun direktoru Höccət Hacıyev bildirib.

“Azərbaycan - Finlandiya matçının Lənkəranda keçirilməsi ilə əlaqədar AFFA-nın qərarını alqışlayır və cənub bölgəsinin bütün futbolsevərləri adından təşəkkürümüzü bildiririk. Bu oyun məsuliyyətimizi birə on artırıb. Qarşılaşmanın yüksək səviyyədə keçməsi üçün lazım olan bütün işlər görülüb” - deyə Hacıyev bildirib.

Onun sözlərinə görə, şəhərin ayrı-ayrı ərazilərində, eləcə də ətraf rayonlarda oyunla bağlı reklam lövhələri qoyulub, afişalar asılıb. Həmçinin, yerli televiziyada hər gün bir neçə dəfə qarşıdakı matç haqda məlumat yayımlanır. Stadionun vəziyyətinə gəlincə, bütün oturacaqlar, qapı-pəncərələr təmir olunub. Ehtiyat oyunçular üçün isə İtaliyadan oturacaqlar gətirilib. Meydançanın ot örtüyünün də ideal vəziyyətdə olduğunu bildirən Hacıyev bilet satışına toxunub: “Satışa ümumilikdə 12 min bilet çıxarılıb. Sentyabrın 1-ə, yəni bu günə olan məlumata görə, artıq 6 mindən çox bilet satılıb. Bu isə cənub bölgəsində milli komandamızın oyununa marağın böyük olmasından xəbər verir”.

APA-nın cənub bürosuna müsahibə verən lənkəranlı azarkeşlər də Azərbaycan - Finlandiya görüşünü səbirsizliklə gözlədiklərini bildiriblər. Lənkəran şəhər sakini Məmməd Səfərov ailəlikcə stadiona yollanıb, oyuna tamaşa edəcəklərini deyib: “Bu, Azərbaycan futbol tarixində yığmamızın paytaxtdan kənarda çıxış edəcəyi ilk rəsmi matç olacaq. Milli komandamız seçmə oyunlarda hələ də top keçirə bilməyib. Ümid edirəm ki, yığmamız ilk qolunu məhz Lənkəranda vuracaq və qələbə qazanacaq”.

Şəhərin digər sakini Mübariz Qasımov da nikbindir. Onun fikrincə, futbolçularımız layiqli oyun nümayiş etdirəcəklər: “Azərbaycanın əsrarəngiz bölgələrindən olan Lənkəranda belə möhtəşəm qarşılaşmanın təşkili milli komandamızın məsuliyyətini bir qədər də artırmalıdır. Oyuna bakılı dostlarımla tamaşa edəcəyik. İnanıram ki, yığmamız layiqli çıxış edib, hamımıza qələbə sevinci yaşadacaq”.
0