FİFA rəsmisi: AFFA indi düzgün yoldadır
01.09.2009 - 17:19
FİFA rəsmisi: AFFA indi düzgün yoldadır
“İlk növbədə, AFFA rəhbərliyini və İcraiyyə Komitəsini son iki ildə Azərbaycan futbolunda görülən işlərlə bağlı təbrik edirəm. Əsas odur ki, təkcə milli komanda yox, eləcə də yeniyetmə və gənclərdən ibarət yığmalar, habelə uşaq futbolu paralel inkişaf etsin. Sevindirici haldır ki, AFFA məhz bu istiqamətə böyük diqqət ayırır”. Apasport.az saytının məlumatına görə, bu fikirlər FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskueyə məxsusdur.

Hazırda Bakıda səfərdə olan futbol funksioneri AFFA-nın rəsmi internet saytına açıqlamasında ölkəmizdə futbolun inkişaf tempindən razlığını ifadə edib: “Bu məsələlərin həllində digər ölkələrin təcrübəsindən yararlanmaq lazımdır. AFFA indi düzgün yoldadır. Eşitmişəm ki, “Akademiya” (U-15) hazırda Türkiyədə təlim-məşq toplanışındadır. AFFA-nın Almaniya klubları ilə də müqavilə bağladığı barədə məlumatım var. Texniki məsələlər həll edilir. Bu sahədə inkişaf var. İnzibati işlərin necə getməsi ilə də maraqlandım. Biznes planları da əsas istiqamətlərdən biridir. Bununla bağlı baş katib və AFFA-nın digər əməkdaşları ilə söhbətimiz oldu. FİFA-nın bu sahədə olan təcrübəsindən AFFA-nın da istifadə etməsi yaxşı olar”.
0