Mikael Forsell Lənkərana gələcək, amma oynamayacaq
02.09.2009 - 09:47
Mikael Forsell Lənkərana gələcək, amma oynamayacaq
Finlandiya yığması aparıcı futbolçularından birini itirib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Azərbaycanla keçiriləcək matçda skandinaviyalılar ciddi itki ilə üzləşiblər.

Belə ki, Almaniyanın “Hannover” klubunda çıxış edən Mikael Forsell yığmamıza qarşı oynaya bilməyəcək. Buna 28 yaşlı futbolçunun zədəsi səbəb olub. Tibbi müayinə Finlandiya millisinin düşərgəsinə gələn hücumçunun Lənkəranda meydana çıxa bilməyəcəyini müəyyənləşdirib.

Komandanın baş məşqçisi Stüart Bakster Mikaelə olan ümidlərini itirmədiyini bildirib: “Bəli, Forsell zədəlidir. Lakin biz onu heyətdən çıxarmırıq. Çünki gələn həftə keçiriləcək Lixtenşteynlə qarşılaşmayadək sağalması mümkündür. Düşünürəm ki, Azərbaycanla görüşdən fərqli, həmin matçda hücumçumuz bizə kömək edəcək”.

Forsell indiyədək milli komandada keçirdiyi 65 qarşılaşmada 19 qol vurub. Yığmamıza qarşı 4 görüşdə forma geyinən Mikael 2 qola imza atıb. Özü də son iki oyunda. 2007-ci il noyabrın 17-də 2:1, ötən il oktyabrın 11-də isə 1:0 hesablı qələbələrə görə finlər məhz Forsellə borcludur.
0