Ballak və Özil zədəli, Löv narahatdır
02.09.2009 - 10:30
Ballak və Özil zədəli, Löv narahatdır
Almaniya milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyun ərəfəsində ciddi problemlərlə üzləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 9-da yığmamızı Hannover şəhərində qəbul edəcək Bundestimin kapitanı Mihael Ballak düşərgəyə zədəli gəlib.

33 yaşlı yarımmüdafiəçi şərəfini qoruduğu Londonun “Çelsi” klubunun heyətində “Mançester Yunayted”lə İngiltərə Superkuboku uğrunda oyunda omba sümüyündən xəsarət alıb. Almaniya yığmasının digər orta sahə oyunçu, əslən türkiyəli olan Məsut Özilin də zədəsi var. “Verder”in yarımmüdafiəçisini dizindəki ağrılar narahat edir.

Heyətdəki itkilərin olduğunu gizlətməyən baş məşqçi Yoahim Löv Ballakla Özilin ümumi qrupda iştirak etmədiyini bildirib. Ancaq Lövün başçılıq etdiyi məşqçilər korpusu bu iki yarımmüdafiəçinin artıq bugünkü çalışmalarda yer alacağına ümid edib. Mihaellə Məsutdan fərqli, “Köln”ün hücumçusu Lukas Podolskinin bugünkü hazırlıq prosesində iştirak etməyəcəyi dəqiqdir. Zədə üzündən avqustun 12-də Bakıdakı görüşdə iştirak etməyən 25 yaşlı futbolçu əzələsini dartıb və ən yaxşı halda, sabahdan komanda ilə birgə çalışa bilər.

Almaniya milli komandasının əsas qapıçısı olan Robert Enke isə düşərgəyə qripə yoluxmuş halda gəlib. Onun bərpa müddəti haqda hələ heç bir informasiya yoxdur. Maraqlıdır ki, qapıçılarını qarşıdakı oyunlara bölüşdürən Löv yığmamızla ev oyununda da “çərçivə”ni Enkeyə etibar etməyi qərara alıb.

Qeyd edək ki, almanlar milli komandamızla oyundan 4 gün öncə Leverkuzen şəhərində Cənubi Afrika Respublikası yığması ilə yoldaşlıq görüşü keçirəcək.
0