Qus Hiddink soydaşımız haqda danışdı
02.09.2009 - 11:27
Qus Hiddink soydaşımız haqda danışdı
Qus Hiddink Aleksandr Səmədovu Rusiya yığmasında görmək istəyir. Apasport.az saytının məlumatına görə, holland mütəxəssis “Moskva”da top qovan 26 yaşlı soydaşımızı çalışdırdığı əsas yox, ikinci komandanın heyətində yer almağa hazır sayır.

Hiddink əsas yığmaya düşə bilməyən, ancaq perspektivi olan futbolçular arasında Səmədovu da görür və belə oyunçulardan ibarət ikinci yığma komandanın yaradılmasını dəstəkləyir: “Bu heç də pis fikir deyil. Bizdə Hollandiyada da bir vaxtlar ikinci yığma vardı. Ancaq sonradan bu ideyadan imtina etdilər. Çünki ikinci yığma komandanın təşkilatçılığı çox əziyyətli işdir. Buna klublar tərəfindən qarşı çıxanlar çoxdur. Rusiyada da elə bu problemləri görürəm. Klublar hərdən əsas yığma ilə da bağlı mübahisə edirlər. Yəni, futbolçular reqlamentə görə milli komandaya üç həftə yox, 48 saat əvvəl gəlməlidirlər. Belə olan halda, hansısa ikinci yığma komanda haqda nə danışasan. Yəqin ki, futbolçuları ora buraxmağa heç razı olmayacaqlar. Ancaq bir daha deyirəm ki, ideyanın özü yaxşıdır. Ancaq belə münasibətdə klubları yola gətirmək və prosesin bütün iştirakçılarını təşkil etmək həddən artıq çətin olacaq”.

Qeyd edək ki, atası əslən Gəncədən olan Aleksandr indiyə kimi Rusiya əsas yox, gənclər yığmasında oynayıb. 2003-cü ilin avqustunda milli komandamızdan dəvət alaraq Bakıya gələn, “Şəfa” stadionunda keçirilən ikitərəfli oyunda iştirak edən yarımmüdafiəçi Moskvaya qayıdandan sonra Rusiya yığmasını seçdiyini bəyan edib. FİFA-nın yeni qaydalarına görə, Səmədov istənilən vaxtda milli komandamızda çıxış edə bilər.
0