“Türklər Azərbaycanla oyunda bizə kömək etməyə söz veriblər” - MÜSAHİBƏ
02.09.2009 - 11:34
“Türklər Azərbaycanla oyunda bizə kömək etməyə söz veriblər” - MÜSAHİBƏ
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da keçiriləcək qarşılaşmada Azərbaycan yığması ilə görüşəcək Belarus milli komandasının baş məşqçisi Georgi Kondratyev müsahibə verib. Apasport.az saytının məlumatına görə, mütəxəssis Bakıda keçiriləcək görüşə hazırlıqla bağlı suallara aydınlıq gətirib.

- Seçmə mərhələnin Avstriyaya qarşı oyunu ilə müqayisədə Azərbaycanla görüşə çağırdığınız heyətdə dəyişikliklər var. Bunlara səbəb nədir?
- Səbəblər müxtəlifdir. Azərbaycanla matçda digər namizədləri sınamaq istədim. Düşünürəm ki, onlar yığmamıza xeyir gətirəcək. Ayrı-ayrılıqda isə dəyişikliklərə şərh vermək istəməzdim.

- Bakıdakı matça hazırlıq prosesi necə gedir?
- Təəssüf ki, kompleks səbəblər üzündən gündə 2 dəfə məşq edə bilmirik. Sabah səhər məşqi ilə kifayətlənəcəyik. Ardından isə Türkiyəyə - İstanbula uçuruq. Oradan isə avtobusla 120 km məsafə qət edib bazaya gedəcəyik. Bax orada olanda gündə 2 dəfə məşq keçəcəyik. Ayın 5-də isə yerli klubların biri ilə yoldaşlıq matçımız nəzərdə tutulub. Bizi qəbul edən tərəf bu komandanın kimliyi haqda məlumat verməyib. Ayın 8-də səhər Bakıya yollanırıq. Axşam isə oyun keçiriləcək arenada məşq etməliyik.

- Azərbaycan yığması haqqında hansı məlumat toplamısınız?
- Heç nə! Ümidimiz türklərədir. Ayın 3-də onlar İstanbulda Azərbaycan milli komandası ilə qarşılaşır. Bizim toplanışı təşkil edən adam söz verib ki, oyunun diskini əldə edib bizə verəcək. Hələlik isə malik olduğumuz məlumat sıfıra bərabərdir.

- Rəqibi tanımasanız da yəqin ki, Bakıda qələbə haqda düşünürsünüz?
- Başqa cür necə olmalıdır ki? Qələbədən başqa istəyimiz ola da bilməz.
0