Azərbaycan yığması 2 pillə gerilədi
02.09.2009 - 12:06
Azərbaycan yığması 2 pillə gerilədi
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə iki pillə geriləyib. 139-cu pilləyə düşən milli komandamızın hesabında 173 xal var.

UEFA-nın reytinqində 48-ci yerdə olan yığma son reytinq hesablanan müddətdə bir oyun keçirib. Berti Foqtsun baş məşqçisi olduğu milli komandamız avqustun 12-də Bakıda keçirilən həmin rəsmi görüşdə Almaniyaya 0:2 hesabı ilə uduzub. Göründüyü kimi, buraxdığımız 2 qol bizi 2 pillə gerilədib. Bakıdakı qələbə almanların mövqeyini dəyişməyib – 1186 xalla 5-ci yer.

Bundestimin ən yaxın izləyicisi cari seçmə mərhələdə əsas rəqibi olan Rusiya yığmasıdır. 6-cı yerdə gedən şimal qonşularımızın hesabında 1129 xal var. Milli komandamızın qarşıdakı rəsmi oyun çərçivəsində sentyabrın 5-də Lənkəranda görüşəcəyi Finlandiya yığması bizdən də pis aqibətlə üzləşib. Belə ki, 535 xalı olan finlər 9 pillə geriləyərək 61-ci yerə düşüb. 67-ci pilləni tutan Uels yığması (481 xal) 6 pillə geriləyib. Qrupumuzdakı rəqiblərdən yenə də ən sonda Lixtenşteyn yığmasıdır. Bir pillə geriləyən “cirdan ölkə”nin təmsilçisi (125 xal) 151-ci yerdə qərarlaşıb.

Reytinqə yenə də Braziliya milli komandası (1604 xal) başçılıq edir. İkinci və üçüncü yerdə gedən İspaniya (1588 xal) ilə Hollandiya yığmaları (1376 xal) da mövqelərini dəyişməyib. Bir pillə irəliləyən Türkiyə (826 xal) 27-ci yerə yüksəlib.
0