“Yazıq Tolya, məndən xeyli zərbə almışdı”
02.09.2009 - 15:10
“Yazıq Tolya, məndən xeyli zərbə almışdı”
“Futbolçu karyeram dövründə Anatoli Banişevskiyə qarşı dəfələrlə fərdi qaydada oynamışam. Yazıq Tolya, məndən xeyli zərbə almışdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ukraynanın “Karpatı” klubunun sabiq futbolçusu Valeri Sırov deyib.

1969-cu ildə Lvov təmsilçisinin heyətində SSRİ kubokunu qazanan rusiyalı veteran müdafiəçi mərhum futbolçumuz Anatoli Banişevskini yaxşı xatırlayır. Çox sərt oynadığını gizlətməyən Sırov bunu kobud oyunla qarışdırmamağı məsləhət görür: “Bəli, mən futbolçu dövrümdə çox sərt oynamışam. Axı futbolda başqa cür mümkün deyil. Hərçənd Banişevskiyə zədə yetirmək məqsədilə ona qarşı açıq-aşkar kobud heç vaxt oynamamışam. Yadımdadır, Bakıda oynayırdıq. Banişevski isə topu qəbul edib, yanından atandan sonra onu çata bilməzsən. Oleq Bloxin də belə futbolçu idi. Buna görə də ona ötürmə gələndə mən çevik tərpənərək yolunu kəsirdim. Bu zaman o, dirsəyimə ilişdi. Hakim hətta qayda pozuntusunu qeydə almadı. Ancaq məlum oldu ki, futbolçunun iki qabırğası qırılıb”.

Qeyd edək ki, “Karpatı” 40 il öncə SSRİ kubokunu qazandığı zamanı Zaqatalanın “Simurq” klubunun ukraynalı baş məşqçisi Roman Pokora da onun heyətində olub.
0