Kerjakov yığmamızla oyunda yalnız qələbəyə köklənib
02.09.2009 - 15:51
Kerjakov yığmamızla oyunda yalnız qələbəyə köklənib
“Təkrarlığa yol vermək istəməzdim, ancaq hansısa proqnoz verməyi vaxtından əvvəl atılmış addım sayıram. İstənilən komanda qalib gələ də bilər, uduza da”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının hücumçusu Aleksandr Kerjakov deyib.

Moskvanın “Dinamo” klubunda oynayan 25 yaşlı futbolçu Almaniya milli komandasının qrup qalibi olacağı ilə bağlı artıq indidən deyilən fikirləri qəbul etmir. Hər halda, nəzərə almaq lazımdır ki, ruslarla müqayisədə almanların təqvimi yüngüldür. Belə ki, Bundestim qalan üç görüşdən Finlandiya və Azərbaycanla oyunları evdə, Rusiya ilə səfərdə üz-üzə gələcək. Ruslar isə almanlarla yanaşı, Lixtenşteyni qəbul edəcək, milli komandamız və Uelsin qonağı olacaq. Kerjakov milli komandamızla da daxil olmaqla, qalan 4 oyunda yalnız qələbəyə köklənib: “Əsas vəzifəmiz qalan görüşlərimizin hamısında qalib gəlməkdir. Rəqiblərə baxıb, onların bir-biri ilə necə oynayacağı haqda götür-qoy etməməliyik. Biz dünya çempionatının final mərhələsinə düşməliyik. Asan oyunlara ümid etməyə dəyməz”.

Qeyd edək ki, Rusiya cari seçmə mərhələdə son oyununu oktyabrın 14-də Bakıda milli komandamızla keçirəcək.
0