Ağasəlim Mircavadovun bəyənmədiyi futbolçu Rumıniyada oynayacaq
02.09.2009 - 16:11
Ağasəlim Mircavadovun bəyənmədiyi futbolçu Rumıniyada oynayacaq
Rumınlar Ağasəlim Mircavadovun bəyənmədiyi moldovalı hücumçu Viorel Frunzeni transfer edib. Apasport.az saytının məlumatına görə, mövsümlərarası fasilədə “Xəzər-Lənkəran”da baxışda olan Frunze Rumıniya yüksək liqasında çıxış edən “Politexnika” klubu ilə rəsmi müqavilə imzalayıb.

Moldova yığmasının sabiq futbolçusu son iki həftədə baxışda olduğu Yassı təmsilçisi ilə üç aylıq anlaşıb. Bu müddət bitəndən sonra Viorelin oyunu komandanın məşqçilər korpusundakı qane edərsə, müqavilə uzadılacaq. “Xəzər-Lənkəran”a düşə bilmədikdən sonra Rumıniyaya qayıdan hücumçu vaxtilə bu ölkədə “Vaslui”, “Kluj”, “Çahlaul”da forma geyinib.

Qeyd edək ki, “Xəzər-Lənkəran”ın sükanı arxasına bir illik fasilədən sonra qayıdan Mircavadov baxışa çağırdığı moldovalı hücumçulardan hazırda da yığmanın üzvü olan Denis Kalinkovu götürdü. O da artıq debütdə - Bakının “İnter” klubu ilə Lənkərandakı görüşdə (1:0) sonradan meydana çıxıb, vurduğu gözəl qolla lənkəranlılara cari mövsümdə ilk qələbəni qazandırdı.
0