“Olimpik-Şüvəlan” klubuna qayıtmağıma görə peşmanam” - MÜSAHİBƏ
03.09.2009 - 00:00
“Olimpik-Şüvəlan” klubuna qayıtmağıma görə peşmanam” - MÜSAHİBƏ
“Qəbələ”nin mövsümlərarası fasilədə son transferi Namiq Əliyev oldu. Halbuki “Pele” ötən mövsüm başa çatdıqdan sonra yenidən “Olimpik-Şüvəlan”a geri dönmüşdü. “Təyyarəçilər”lə müqavilə imzalayan yarımmüdafiəçinin adı PFL-ə təqdim edilən sifariş vərəqəsinə də daxil edilmişdi. Ancaq “transfer pəncərəsi”nin sonuncu günündə futbolçu klubunu dəyişdi. Sözsüz, onun bu addımı bir qədər gözlənilməz oldu. “Pele” “Futbol dünyası” qəzetinə verdiyi müsahibədə bu məsələyə aydınlıq gətirməyə çalışıb.

- Əvvəlcə “Qəbələ”yə transferin barədə danışardız..
- Bildiyiniz kimi, yayda “Karvan”dan ayrıldıqdan sonra “Olimpik-Şüvəlan”la müqavilə bağladım. Elə mövsümlərarası fasiləni də bu komandanın heyətində keçirdim. Sadəcə, “Olimpik-Şüvəlan”dakı ab-hava xoşuma gəlmədi. Həm də əsas heyətdə oynamaq istəyirəm. Klub tərəfindən mənə qarşı münasibət də yaxşı deyildi. “Qəbələ”dən təklif gəldiyindən, bunu dəyərləndirdim. Baxmayaraq ki, “Olimpik-Şüvəlan”la müqavilə bağlamışdım, ancaq klub rəhbərliyi getməyimə mane olmadı. Buna görə də onlara təşəkkür edirəm. “Qəbələ” rəhbərliyi ilə də danışıqlarımız uğurlu alındı. Bir sözlə, özümü yeni komandada sınamaq şansı qazanmışam.

- Yeni klubunla müqavilənin müddəti neçə illikdir?
- 2 il “Qəbələ”nin formasını geyinəcəyəm.

- Sən “Olimpik-Şüvəlan”la müqavilə imzalamışdın. Ancaq ab-havanın xoşuna gəlmədiyini dedin. Bəlkə əvvəlki formada olmadığına görə, sənə qarşı münasibət də fərqli olub?
- Fikrimi sonradan dəyişdim. Hazırlıq müddətində yüngül zədəm olduğuna görə bir müddət məşq etmədim. Ola bilər, məşqçi buna görə şans verməyib. Fikirləşib ki, yəqin formada deyiləm. Ancaq indi tam formadayam. Oynamağımda heç bir problem yoxdur. Məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Yenə deyirəm, “Olimpik-Şüvəlan”dan narazılıqla ayrılmamışam. Baş məşqçi Əsgər Abdullayevlə də münasibətlərim həmişə yaxşı olub. Sadəcə geri döndükdən sonra bu klubda özümü rahat hiss etmirdim. Yoxsa “Olimpik-Şüvəlan” mənə yad komanda deyil. 2 il bu klubun şərəfini qorumuşam. Gərək dönməyəydim. “Olimpik-Şüvəlan”a qayıtmağıma görə peşmanam.

- “Karvan”dan ayrıldıqdan sonra, başqa klublardan təklif var idimi?
- Yayda “Qəbələ” ilə söhbətimiz olmuşdu. “Karvan” da qalmağımı istəyirdi. Ancaq seçimimi “Olimpik-Şüvəlan”ın xeyrinə etdim. Görünür, müqavilə imzalamaqda tələsmişəm. Çünki onlar sonradan “Karvan”a qayıtmağıma razı olmadılar. Ancaq “Qəbələ” variantına maneçilik törətmədilər.

- “Qəbələ”yə keçidində maliyyə amili rol oynadımı? Çünki ötən il “Olimpik-Şüvəlan”da bu sahədə problem yaranmışdı...
- Yox, seçim edərkən bu əsas deyildi. Futbolçu özünü harada rahat hiss edirsə, ora can atır. 2 il “Olimpik-Şüvəlan”ın formasını geyinsəm də, klubdakı hazırkı ab-hava xoşuma gəlmədi. Özümü narahat hiss edirdim.

- Bəlkə legionerlərin çox olması səni narahat edib?
- Söhbət heç də legionerlərdən getmir. “Qəbələ”də də əcnəbilərin sayı çoxdur. Əksinə, əcnəbilərin çox olması, yerli futbolçuların məsuliyyətini bir qədər də artırır. Komandada rəqabətin olması oyunçuların xeyrinədir. Yəni, kim hazır olsa, məşq prosesində özünü yaxşı tərəfdən göstərə bilsə, baş məşqçi də ona şans verəcək. Sadəcə, rəhbərlik tərəfindən əvvəlki münasibəti görmədim.

- Mövsümlərarası hazırlıq prosesini “Olimpik-Şüvəlan”ın heyətində keçirdin. Yeni komandana uyğunlaşmaq çətin olmayacaq?
- Məncə, problem yaranmayacaq. Burada da tanıdığım uşaqlar var. Kollektiv də yaxşıdır. Əvvəllər də bu klubda oynamaq istəmişəm. Amma müəyyən səbəblərdən bu istəyim baş tutmayıb. Qismət bu günə imiş. Mənə inananların etimadını doğrultmağa çalışacağam.

- Adətən futbolçular paytaxt klublarında oynamağa can atırlar. Yenidən əyalətə üz tutmağın gözlənilməz oldu...
- Ötən mövsümü “Karvan”da keçirdim. Özümü heç də pis tərəfdən göstərmədim. İnşallah, “Qəbələ”də də yaxşı oynamaqla komandama faydalı olmağa çalışacağam. Düzdür, evdən bir qədər ayrı düşəcəyəm. Ancaq futbolçu həyatı belədir. Qəbələdə də şərait yaxşıdır. Klubun öz stadionu, bazası var. Hamımız bazada qalırıq. Narazılığım yoxdur. İndi bütün diqqətimi futbol oynamağa yönəltmişəm.

- Arxada qalan 2 turu “Olimpik-Şüvəlan”ın heyətində keçirdin. Meydana çıxmasan da, komandanın oyunlarını izləmisən. “Təyyarəçilər”in şansları barədə nə deyə bilərsən?
- Pis komanda deyil. Həmişəki kimi yenə iddialı olacaqlar. Əsgər müəllim (baş məşqçi Əsgər Abdullayev) yaxşı kollektiv formalaşdırıb. Aydın məsələdir ki, komandanın oyun üslubunda heç bir dəyişiklik olmayacaq. Əsgər müəllim “Olimpik-Şüvəlan”ın baş məşqçisi təyin edildikdən sonra, necə oynayırdılarsa, hansı taktikanı seçibsə, komanda cari mövsümdə də buna üstünlük verəcək. Keçirdikləri oyunlara gəldikdə, məncə, “Neftçi”yə uduzmamalı idilər. Bu matçda xallar yarı bölünməli idi. Hətta “Olimpik-Şüvəlan”ın daha üstün olduğunu da deyə bilərəm. Sadəcə, “Neftçi” təcrübəsinin hesabına qələbə qazandı. “Karvan”la oyunu isə izləməmişəm. Görünür, yaxşı oynayıblar ki, Yevlaxdan qələbə ilə dönüblər.

- Belə çıxır ki, sən gedəcəyini əvvəlcədən qətiləşdiribsən və buna görə heç bir oyuna çıxmamısan?
- Bəli, mövsüm start götürməmişdən əvvəl gedəcəyimi qətiləşdirmişdim. Ona görə də oynamadım. Klub rəhbərliyi də getməyimə mane olmadı. Müqaviləni qarşılıqlı razılaşma əsasında pozduq və “Qəbələ”yə azad agent kimi keçdim.

- Bəs “Qəbələ”nin oyun dəsti-xətti haqqında düşüncələrin necədir?
- Bu komandanın öz oyun üslubu var. Sözün düzü, “Qəbələ”nin oyunlarını çox izləməmişəm. Ancaq Premyer Liqada öz sözünü deyəcəklərinə inanıram.

- Komandanın qarşısına hansı məqsəd qoyulub?
- Bu haqda ətraflı məlumatım yoxdur. Ancaq “6-lıq”a düşmək üçün “vuruşacağıq”. Təbii ki, mövsümü mükafatçılar sırasında başa vurmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.

- Yeni transferlərin komandanı gücləndirdiyini söyləmək olarmı? Ümumiyyətlə, “Qəbələ”nin “6-lıq”a düşməyə gücü çatacaqmı?
- Bunu zaman göstərəcək. Bu, futboldur. Ancaq biz öz üzərimizə düşəni yerinə yetirməyə çalışacağıq. Hələ komandanı yaxşı tanımıram. Bir neçə gündür ki, “Qəbələ”də məşq edirəm. Məncə, yeni gələnlər komandanı gücləndiriblər.

- Əsas heyətdə özünə yer tapa biləcəksənmi?
- Hər bir futbolçu kimi, mən də əsas heyətdə meydana çıxmaq istəyirəm. Ancaq bu istəklə olmur. Gərək çalışasan, məşq prosesində özünü yaxşı tərəfdən göstərəsən ki, baş məşqçi də əsas heyətdə oynamağına şərait yaratsın.

- İndiyə qədər titul qazanmamısan. Bu uğursuzluğa son qoymaq haqqında düşünürsənmi?
- Təbii ki, bu hər bir futbolçunun arzusudur. Hazırkı komandam heç də zəif deyil. Yadınızdadırsa, “Olimpik-Şüvəlan”ın çempionluq uğrunda yarışacağını heç kim gözləmirdi. Ancaq bu komanda qızıl medalları son matçda əldən verdi. İndi “Qəbələ” də yüksək yerlər uğrunda mübarizə aparacaq.
0