“Yığmada Rəşad Sadıqovu layiqincə əvəzləyəcək futbolçu çoxdur”
03.09.2009 - 10:27
“Yığmada Rəşad Sadıqovu layiqincə əvəzləyəcək futbolçu çoxdur”
“Artıq Lənkəranda bir məşqə çıxmışıq. Bu, ikinci məşqimizdir. Komandada hər şey qaydasındadır. Yalnız meydançanın vəziyyəti bir o qədər də yaxşı deyil. İnanıram ki, oyun gününədək meydançanın ot örtüyü də yaxşı hala gələcək”. Apasport.az saytının Lənkərana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Elvin Məmmədov deyib.

Dünya çempionatının seçnə qrup mərhəlsəi çərçivəsində Finlandiyaya qarşı keçiriləcək matçın hazırlığı barədə fikirlərini bölüşən gənc yarımmüdafiəçi məsul görüş öncəsi itkidən danışıb: “Rəşad Sadıqovun olmaması böyük itkidir. Bununla belə, yığmada onu layiqincə əvəzləyəcək hazır futbolçular çoxdur”.

Məmmədovun fikrincə, milli komandamız qələbə qazanmağa layiqdir: “Görüşün Lənkəranda keçirilməsinin əsas üstünlüyü azarkeşlərlə bağlıdır. Lənkəranlı fanatlar komandanı sonadək dəstəkləyirlər. Biz də çalışacağıq ki, onların etimadını doğruldaq. Finlandiyaya niyə də qalib gəlməməliyik? Biz qələbə qazanmağa layiqik”.

Qeyd edək ki, Azərbaycan - Finlandiya qarşılaşması sentyabrın 5-də Lənkəran şəhər stadionnuda keçiriləcək.
0