Berti Foqts: Mən bunu başa düşə bilmirəm
03.09.2009 - 12:25
Berti Foqts: Mən bunu başa düşə bilmirəm
Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Foqts bu gün Lənkəran şəhər stadionunda mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə Bakıdan gəlmiş, eləcə də yerli jurnalistlər iştirak ediblər. Öncə almaniyalı mütəxəssis sentyabrın 5-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Finlandiyaya qarşı keçiriləcək matçın hazırlığından söz açıb.

- Salaməleykum. Təəssüf ki, yığmanın heyətinədə bəzi futbolçuların oyun təcrübəsi yoxdur. Onlar çempionatın son turunda oynamayıblar. Mən bunu başa düşə bilmirəm. Futbolda əsas amil oyun təcrübəsidir. Bağışlayın, su içirəm, Lənkəran çox istidir, ona görə də su qabını əlimdə saxlamışam. Milli komandanın üzvlərindən soruşdum ki, Premyer Liqada nə qədər forma geyinmisiniz? Cəmi iki futbolçu hər iki matçda 90 dəqiqə oynayıb. Bəziləri yarım saat çıxış edib, bəziləri isə ehtiyatda qalıblar. Almaniya Bundesliqasında isə yığma üzvləri bütün oyunu meydanda olurlar. Finlandiyada futbolçunun 50 oyunluq təcrübəsi var. Almaniya, Finlandiya klubları həftənin 4-cü günü Avroliqada mübarizə aparır, ardından həftəsonu çempionat matçına çıxırlar. Bizdə isə belə deyil. Bunu biz dəyişə bilmərik. Digər problem 4 günə 2 qarşılaşmanın keçirilməsidir. Sentyabrın 5-də Almaniya ilə görüşüb, bundan 4 gün sonra isə Finlandiyanı qəbul etməyimiz düzgün olardı. Finlandiya ilə matçdan sonra səfərdə dünyanın ən güclü komandalarından birinə qarşı mübarizə aparacağıq. Bilmirəm, qrafiki nəyə görə belə tərtib ediblər?
Lənkəranda olduğumuza görə şadam. Burada çox gözəl meydança var, məskunlaşdığımız yerdə də hər şey yaxşıdır. Lənkərandan futbol iyi gəlir. Ona görə də futbolçular vaxtından qabaq meydançaya daxil olub, məşqə başlayırlar. Biz Finlandiyaya qalib gəlmək istəyirik. Qarşıdakı görüşdə səhv edə bilmərik. Uelslə matçda bir səhv etdik, məğlubiyyətlə üzləşdik. Ötən il finlərlə səfər qarşılaşmasında da bir səhvin ucbatından qapımıza penalti təyin olundu.

- Sizcə, yığma üzvlərinin klublarda meydançaya buraxılmaması məqsədli addım deyil ki? Bəlkə klublar həmin futbolçuların oyun təcrübəsinin azlığı nəticəsində milli komandanın uğursuzluğa düçar olmasına çalışırlar? Özü də bir neçə gün öncə “İnetr” və “Simurq” rəhbərlikləri yığmaya futbolçu buraxmaq istəmirdilər.
- Bu sualı “İnter” və “Simurq” rəsmilərinə ünvanlayın. Maraqlıdır ki, “İnter” bizimlə yoldaşlıq görüşü keçirmək istəyirdi (gülür).

- Oyunun Lənkəranda keçirilməsi azarkeşlərdə bayram əhval-ruhiyyəsi yaradıb. Fanatlar oyundan sonra da belə əhval-ruhiyyədə ola biləcəklərmi?
- Sizin sualınız xoşuma gəldi. İnanıram ki, qarşılaşmadan sonra azarkeşlərin sevinci davam edəcək. Biz Lixtenşteyn və Uelsi də Lənkəranda qəbul etmək niyyətində idik. Lakin həmin vaxt bu haqda müvafiq prosedur qaydaları yerinə yetirməyə gecikmişdik.

- Finlandiya ilə görüşdə zədəli Rəşad Sadıqovu kim əvəzləyəcək?
- Komandanın lideri, kapitan Rəşad Sadıqov kimi futbolçunu olmaması çox pisdir. Üstəlik, Rail Məlikov və Aleksandr Çertoqanov cəzalı durumdadır. Digər futbolçular arasında seçim edəcəyik.

- Almaniya yığmasının kapitanı Mixael Ballak Azərbaycana yenidən qalib gələcəklərini söyləyib. Siz bu barədə nə deyə bilərsiniz?
- Biz Almaniyanı Almaniyada udmaq istəyirik. Bakıdakı oyundan sonra Almaniya mətbuatının öz milli komandalarını necə tənqid etməsindən xəbərim var. Hazırda əsas diqqətimizi finlərlə görüşə yönəltmişik.

- Necə düşünürsünüz, məkan dəyişikliyi qələbə qazanmağımıza təsir edə bilərmi?
- Ola bilər. Ümidvaram ki, azarkeşlərdəki müsbət enerji oyunçularıma keçəcək. Bizim komandamız cavan futbolçulardan təşkil olunub. Onlar finlərə qarşı aqressiv oynayacaqlar. Lixtenşteynlə matçda fiziki cəhətdən 60 dəqiqə mübarizə aparmağı bacardıq. Almaniya ilə görüşdə isə 90 dəqiqə ərzində müvaqimət göstərdik. Bu 18-19 futbolçu milli komandanın gələcəyidir. Sadəcə, onların püxtələşməsi üçün vaxt lazımdır. Oyunçular bu səviyyədə məşq etsələr və öz klublarında oyun təcrübəsinə malik olsalar, 4-5 ildən sonra yığma ilə fəxr edəcəyik.

- Finlandiya ilə qarşılaşmada bizim üçün 3 nəticə ola bilər: qələbə, heç-heçə və ya məğlubiyyət. Heç-heçəni uğursuzluq hesab edəcəksinizmi?
- Finlandiya yığması dünya çempionatının seçmə qrup mərhələsində 3-cü pillədə qərarlaşıb. Onlara qalib gəlsək, bu, sensasiya olacaq.

- Azərbaycan - Rusiya matçının da Lənkəranda təşkil olunmaq ehtimalı varmı?
- Bu suala cavab verə bilmərəm.

- Kamran Ağayev finlərlə oyunda əsas heyətdə yer alacaq?
- Bildiyiniz kimi, Kamran Ağayev zədəli idi. İndi o, məşqdən məşqə fiziki formasını yaxşılaşdırır. Sabah son məşqdən sonra onun ilk “11-lik”də yer alıb-almayacağına qərar verəcəyik.

- Finlandiya ilə matçda hücum taktikası seçəcəksiniz, yoxsa müdafiə?
- Siz Finlandiyadan gəlmisiniz?

- Bəli.
- Onda müdafiə taktikası (gülür).
0