22 futbolçu topla, 2 futbolçu velosipedlə
03.09.2009 - 12:31
22 futbolçu topla, 2 futbolçu velosipedlə
Futbol üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində Finlandiyaya qarşı matçın hazırlıq prosesi çərçivəsində bu gün Lənkəran şəhər stadionunda növbəti məşqə çıxıb. Apasport.az saytının Lənkərana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, məşq mətbuat üçün açıq olub. Jurnalistlər hazırlığın ilk 15 dəqiqəsində futbolçularla söhbətləşmək imkanı qazanıblar.

Məşqə yığmanın düşərgəsində olan 24 oyunçudan 22-i qatılıb. Aqil Nəbiyev və Cəmşid Məhərrəmov zədə ucbatından fərdi proqram üzrə çalışıblar. Onlar zədələrini sağaltmaq üçün trenajor zalında velosiped sürüblər. Xüsusilə, Cəmşidin səhhətindəki problem ciddidir. Onun sentyabrın 5-də finlərə qarşı forma geyinməyəcəyi dəqiqdir. Yığmanın məşqçi korpusu Məhərrəmovun ayın 9-da Almaniya ilə matça qədər sağalacağına ümid edirlər.

Baş məşqçi Berti Foqtsun yetirmələri saat yarım davam edən məşqdə müxtəlif təmrinləri yerinə yetiriblər. Məşqin sonunda isə ikitərəfli oyun keçirilib. “Sarılar” və “göylər” arasında baş tutan ikitərəfli görüşdə ən maraqlı məqam hücumçuların yox, yalnız müdafiəçilərin qol vurması idi. “Sarılar”ın 4:0 hesablı qələbəsində Samir Abbasov, Rahid Əmirquliyev, Mahir Şükürov və Saşa Yunisoğlu fərqlənib. Yığma bu gün və sabah axşam keçirəcəyi iki məşqlə hazırlıq prosesinə yekun vuracaq.
0