Mircavadov: Onlar ancaq pul haqda fikirləşirlər
03.09.2009 - 13:47
Mircavadov: Onlar ancaq pul haqda fikirləşirlər
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Premyer Liqada yaranan fasilədən necə yararlanırsınız?
- İşləyirik, başqa cür ola da bilməz. Vaxtın olması nə qədər yaxşı olsa da, oyun praktikasının yoxluğu öz sözünü deyir. Oyunlarımız az olur, nəticədə komanda ritmdən çıxır. Bu məqsədlə sentyabrın 4-də Bakıda “Standard”la yoxlama oyunu keçirəcəyik.

- Futbolçuların işə münasibətindən razısınız?
- Bəli. Hazırlıq normal gedir, futbolçular çalışırlar. Çox işləmək lazımdır və futbolçular bunu başa düşürlər. Komandada çoxlu yeni oyunçular var, sistem dəyişilir. İstədiyimiz oyunu tapmaq, qurmaq üçün çox işləmək lazımdır. Çalışırıq ki, həmin oyunu oynayaq.

- Artıq “transfer pəncərəsi” bağlanıb. Transferlərdən nə dərəcədə razı qaldınız?
- Bilirsiniz, mən heç vaxt razı qalmıram (gülür). O mənada ki, tez bir zamanda futbolçu alırıq və bizdə vaxt həddən artıq az idi. Bu problemin həllini başqa cür edəcəyik. Yəni, hansı mövqelərə futbolçu lazım olduğunu müəyyənləşdirib, indidən axtaracağıq. Hansı ölkədən olmasından asılı olmayaraq, həmin futbolçunun oyununa baxacaqlar. 3-4 oyundan sonra həmin futbolçu haqda informasiya toplayıb, müqavilə bağlayacağıq. Bu, yaxşı yoldur, çünki futbolçunu bir yox, bir neçə oyunla görürsən. Onun haqda informasiyan çox olur və istədiyini alırsan. Budur əsas məsələ. İndi əsasən yerli futbolçulara bel bağlayacağıq. Bizə yerli, gənc futbolçular lazımdır.

- Artıq gələn mövsümdən Premyer Liqada limit dəyişərək, “8+3” olacaq. Yerli futbolçulara daha çox diqqət yetirməyiniz bununla bağlıdır?
- Bəli. Qış kampaniyasına indidən hazırlaşırıq.

- Digər klublarımız transfer müddətində daha fəal idi. Rəqiblərinizin transfer işlərini izləyirsinizmi? Onların ehtiyat qüvvəsinin, legionerlərinin daha çox olması sizdə narahatlıq doğurmu ki?
- Vallah, mən belə şeylərə fikir vermirəm. Hər klubun öz strategiyası var. Kimi istəyər alar, kimi istəyər almaz. Buna görə də başqa klublara fikir vermirəm. İstədiyin futbolçunu gətirmək hələ o demək deyil ki, səndə yaxşı komanda olacaq. Həmin futbolçu, əsasən də legioner həmin mühitə, məşq prosesinə, taktikaya alışmalıdır, kluba işləməlidir, onu ürəkdən sevməlidir. Bilməlidir ki, nəyə oynayır, məqsəd nədir. Bu, əsas amillərdəndir. Biz də bunu etməyə çalışırıq.

- Mükafatlar uğrunda mübarizədə favoritləri yenə əvvəlki komandaları görürsünüz, yoxsa?
- Mən deyərdim ki, favoritlər çoxdur. 1-2 oyuna baxmışam və hamısının yaxşı hazırlaşdığının şahidi olmuşam. Bu, sevindirici haldır. Yəni, həddən artıq gərginlik olacaq ki, bu da yaxşı cəhətdir. Mən bunu alqışlayıram.

- Daha çox futbolçu transfer etməməyiniz kəmiyyətdən daha çox keyfiyyətə üstünlük verməyinizdən irəli gəlir?
- Elədir. Əsas məsələ kəmiyyət yox, keyfiyyətdir. Mən həmişə buna üstünlük vermişəm.

- Ancaq cari mövsümdə oyunların çox olacağını alsaq, ehtiyat qüvvə lazımdır...
- Bizdə 24 futbolçu var. Bundan 3-ü qapıçıdır, 21-i də sahə oyunçusudur. Belə daşa düşürəm ki, bu, qış kampaniyasına qədər kifayət edər. Əlbəttə, avrokuboklar haqda düşünəndə oyunçular lazım olacaq. Söhbət istədiyimiz həm yerli, həm də əcnəbi futbolçulardan gedir. Mən həmişə oyunçu alanda bir az ehtiyatlanıram. Bu, yerli yox, əcnəbi futbolçulara aiddir. Allaha şükür ki, yerli futbolçuları tanıyırıq. Legionerə isə bir oyunla qiymət veririk ki, bu da düzgün fikir deyil. Nəticədə haradasa aldanırıq, haradasa səhv ola bilər. Bütün bunları nəzərə alaraq, transfer çalışmalarına elə mövsümün gedişində başlayacağıq. İstədiyimiz futbolçunu tapacağıq və oyununu da izləyəcəyik. Bu, 5-10 oyun ola bilər. Oyununu bəyənəndən sonra özü, meneceri, yaxud klubu ilə danışıqlar aparacağıq.

- Honduraslı hücumçu Altin Lalinə 1 oyuna baxıb, götürdünüz. Bu, aldadıcı ola bilər?
- Onun haqda bizdə çox informasiya vardı. DVD-sinə baxmışdıq. Bir də ki həmin futbolçu milli komandada oynayır. Düzdür, rumınlarla yoxlama oyununda 55-ci dəqiqəyə yaxşı oynadı, ancaq sonradan meydanı tərk etməli idi. Bu da zədə alması ilə bağlı idi. Mən deyərdim ki, rumınlar çox kobud oynayırdılar. Nəticədə honduraslı futbolçumuzu əzdilər. Biz hücumçu axtarırdıq. Ola bilər ki, tapanda da səhv edəsən, tapmayanda da. Yəni bütün bunları zaman göstərəcək. Vaxtımız həddən artıq az idi. Bu səbəbdən oyunçu seçimində səhv edə bilərdik. Amma məşqçilər korpusu ilə birgə çalışdıq və 20-yə yaxın futbolçu yoxladıq. Mən deyərdim ki, bu, qısa zaman üçün həddən artıq çoxdur. Hər halda, seçdiyimiz futbolçular digər baxdıqlarımızdan güclü idi. Bu, həm oyunlarına, həm də insanlıqlarına görə idi. Onlarla söhbət edəndən, komandada qalandan sonra bunun şahidi olmuşduq. Gördük ki, bunlar həm futbol oynamaq, həm də inkişaf istəyirlər. Ola bilər ki, hansısa futbolçu üçün bura tramplindir.

- Digər mövqelərlə müqayisədə hücumçunuz azdır. Bu mövqedən daha çox müdafiəni gücləndirdiniz...
- Mən heç vaxt 5-6 hücumçu almıram. Çünki cinah oyunçuları, hücumçuları istəyirdim. Cinahlardan oyuna üstünlük verirəm. Axtardığım cinah oyunçularını aldım, özü də tez bir zamanda. Bu, həm yerli, həm də əcnəbi futbolçulara aiddir. Mərkəz hücumçusu 2-3 nəfər olsa, yetərlidir. Bundan əlavə, komandada qalan futbolçulara inanırdım. Onların potensialını bilirdik. Artıq futbolçu almaq o demək deyil ki, səndə futbolçu çoxluğu var. Buna fikir vermirəm. İstədiyim futbolçunu almalısan ki, keyfiyyət dəyişikliyi olsun. Bir də ki futbolçu bizim çempionatda 3-5 oyun oynayırsa, o, kimə lazımdır?

- Azərbaycana legioner gətirmək yenə çətindir, yoxsa onların artıq ölkəmizə baxışa dəyişib?
- Həm Türkiyədə, həm də Avstriyada hazırlıq prosesimizdə çoxlu yerli futbolçular gəlirdi. Mən deyərdim ki, güclü axın var idi. Çoxlu menecerlər bizimlə söhbətə gəlirdilər, çoxlu oyunçu təklif edirdilər.

- Bəlkə pulun iyinə gəlirdilər?
- Yox. Mən deyərdim ki, biz onlara elə də yüksək məbləğ təklif etmirdik. Bunu açıq deyirəm. Transferlə bağlı pul söhbətini mən yox, buna məsul şəxs edirdi. Hər halda, klubun işini bilirdilər. Onlarda bizə, Azərbaycan futboluna, klublarımıza qarşı çoxlu informasiya var. Şəxsən mən bunun şahidi oldum. Menecerlə söhbət edəndə gördüm ki, onlar güclü futbolçu vermək istəyirlər. Bu, gələcəkdə də işbirliyinin olmasına imkan yaradır. Bilirsiniz, menecer yaxşı futbolçu verəndə onunla işbirliyi olur, adam ona inanır. Başqa cür menecerlər də var və siz onu məndən də yaxşı tanıyırsınız. Onların fikri yalnız puldur. Pul alsın, istədiyini oyunçunu versin.

- Yəqin ki, hədəfiniz dəyişməyib. İki il öncə olduğu kimi “qızıl dubl”...
- “Xəzər-Lənkəran”ın hədəfi həmişə “qızıl dubl” olub. Bu, düz fikirdir və mən bunu alqışlayıram. “Xəzər-Lənkəran” yaranan vaxtdan yüksək yerlər uğrunda mübarizə aparmaq iqtidarındadır. Ancaq hədəfi yerinə yetirməklə bərabər avrokuboklarda uğurlu çıxış etmək də lazımdır.
0