Mircavadov: Görün, biz nəyə həsrətik...
03.09.2009 - 23:05
Mircavadov: Görün, biz nəyə həsrətik...
“Lənkəranda elə çılğın azarkeş ordusunun qarşısında zəif oynamaq heç kimə yaraşmaz. Mən belə fikirləşirəm. Bundan əlavə, milli ruh, qüdrət, qələbə ruhu olmalıdır. Görün, biz nəyə həsrətik... Bu da çox pisdir. Bir də ki, az topla uduzmaq düşünürük. Bu da həddən artıq pis anlayışdır. Yəni, futbolçuda qələbə, qol vurmaq ruhunu gətirmək lazımdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Vaxtilə çalışdırdığı Azərbaycan yığmasının Finlandiya ilə Lənkəranda keçiriləcək oyununa toxunan veteran məşqçi bildirib ki, cənublu azarkeşlər milli komandaya böyük dəstək olurlar: “Biz hələ “İnter”lə Lənkərandakı oyun öncəsi bunun şahidi olmuşduq. Artıq həmin vaxt şəhərdə, stadionda yığmamızın oyunu ilə bağlı plakatlar var idi. Həmin vaxtdan lənkəranlı azarkeşlər bu görüşə hazırlaşırdı. İnanırsınız, Azərbaycan – Finlandiya oyununa hələ 15 gün qalmış vəziyyət belə idi”.
0