Mahmud Qurbanov: İnanmıram ki, futbolçularımız finlərdən çəkinsin
03.09.2009 - 15:27
Mahmud Qurbanov: İnanmıram ki, futbolçularımız finlərdən çəkinsin
“Bakı” klubunun futbolçusu Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

- Zədə səbəbindən komandanızın son məşqlərinə qatılmırsınız. Hazırda vəziyyətiniz necədir?
- Həqiqətən də zədə ilə bağlı problemim yaranıb. Elə indi həkimin yanındayam. Sağ olsunlar, tez sağalmağım üçün əllərindən gələni edirlər. Ayağımdakı ağrılar məni incidirdi. Vəziyyətim getdikcə yaxşılaşır. İnşallah, yaxın zamanda sıraya dönərəm.

- Komandanızda ab-hava necədir?
- Yaxşı. Artıq bütün diqqətimizi daxili yarışlara yönəltmişik. Avropadakı mübarizəmiz cari mövsüm üçün bitdi. Bundan sonra çempionatda və kubokda uğurla çıxış etməyə çalışacağıq.

- Yığmaya daha cəlb olunmasanız da, hamı kimi sizə də milli komandanın oyunu maraqlı olmalıdır...
- Sözsüz. Milli komandamızın Finlandiya yığması ilə qarşıdakı oyununu səbirsizlə gözləyirəm. Kənarda qalsam da, yığmanı dəstəkləyirəm.

- Finlandiya ilə oyun şəxsən sizin üçün əlamətdar olub. Belə ki, milli komandada yeganə qolunuzu məhz finlərə vurmusunuz. Üstəlik, bu, son rəsmi qolumuz olub və artıq demək olar 2 ildir seçmə mərhələ oyunlarında rəqib qapısına yol tapa bilmirik...
- Fikrimcə, komandamıza Finlandiya ilə görüşə təkcə qol vurmaq yox, qələbə qazanmaq üçün çıxmalıdır. Meydana çıxan oyunçuların hamısı bütün bacarıqlarını ortaya qoymalıdırlar. Futbolçularımıza soyuqqanlı olmaq lazımdır.

- Nəyi nəzərdə tutursunuz? Yəni, güclü rəqibdən çəkinmək lazım deyil?
- İnanmıram ki, futbolçularımız finlərdən çəkinə. Çünki milli üzvləri son vaxtlar beynəlxalq səviyyədə xeyli oyun keçiriblər. Almaniya kimi güclü rəqiblə Bakıda görüşdə uduzmağımıza baxmayaraq, yığmamız yaxşı təsir bağışladı. Bundan əlavə, klublarımız avrokuboklarda yaxşı oyun nümayiş etdirdilər. Finlandiya ilə oyunda həm qol vuracağımıza, həm də qələbə qazanacağımıza inamım böyükdür.

- Bu, ilk növbədə nədən irəli gəlir?
- Hesab edirəm ki, “Bakı” və “Qarabağ”ın avrokuboklarda çıxışı özümüzə inamı artırıb. Həmin futbolçuların əksəri indi yığmamızın sıralarındadır. Fikrimcə, qarşıdakı oyunda daha çox öz oyunçularımıza güvənmək lazımdır. Onlar gənc olsalar da, xeyli beynəlxalq təcrübə qazandılar. Üstəlik, avrokubok oyunlarından sonra hazırda formadadırlar və onlardan istifadə etməklə fayda götürmək olar.

- Yəqin ki, matçın Lənkəranda keçirilməsi də nəticə baxımından inamınızı artırır...
- Əlbəttə. Lənkəranlı azarkeşlər doğma komandaya çılğın dəstək verməsi ilə seçilirlər. Hesab edirəm ki, oradakı gözəl stadion Azərbaycan – Finlandiya görüşündə ağzına qədər dolu olacaq. Yığmamızın Lənkəranda oyunda qələbə qazanacağını gözləyirəm.

- Qələbə qazanmaq üçün ilk növbədə qol vurmaq lazımdır. Mahmud Qurbanov Finlandiyaya qol vurmağın sirrini nədə görür?
- Qol vurmağın sirrini ilk növbədə hücumçular bilir (gülür). Qolu təkcə hücumçu yox, hamı vura bilər. Yəni, qapıçıdan başqa digər mövqedə çıxış edənlər meydanda qol vurmaq imkanı qazanırlar. Sadəcə, əlinə düşən imkandan istifadə etmək lazımdır. Bu zaman meydanda düzgün mövqe seçimindən də çox şey asılıdır.

- Yəqin ki, siz belə oyunda iştirak etməyi çox istərdiniz...
- Əlbəttə. Ancaq reallıq belədir ki, indi milli komandada yoxam (gülür).
0