Rəşad Sadıqov “Qarabağ”ı çempionluğa namizəd saymır
03.09.2009 - 16:29
Rəşad Sadıqov “Qarabağ”ı çempionluğa namizəd saymır
“Hal-hazırda zədəmi sağaltmaqla məşğulam. Tezliklə yaşıl meydana dönməyi gözləyirəm. “Tvente” ilə oyunlarda kənarda qalmağıma görə üzüldüm. Amma artıq irəli baxmalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov klubun rəsmi saytına açıqlamasında deyib.

Milli komandamızın 27 yaşlı kapitanı zədə səbəbindən Finlandiya və Almaniya ilə qarşıdakı rəsmi oyunlara çağırılmayıb. Bununla belə, Rəşad nikbinliyini itirmir: “Millidə olmasam da, inanıram ki, komandamız uğur qazanacaq. O ki, qaldı çempionata, bu il gərgin yarış olacaq. “Bakı”, “Neftçi”, “İnter”, “Xəzər-Lənkəran” bahalı transferlər reallaşdırıblar. Heyətləri yetərincə güclüdür. Hər halda, çempionluğa ən real namizəddirlər”.

Sadıqov yaxınlarda müqavilə bağladığı komandasına güvənir: “Təbii ki, “Qarabağ” onlara layiqli müqavimət göstərməyə çalışacaq. Bizim gənc, amma perspektivli heyətimiz var. Avroliqadakı çıxışdan sonra özünəinam artıb. İnşallah, bu özünəinam çempionatın sonuna qədər davam edər”.
0