“Bakı”nın maraqlandığı futbolçu borc içində üzür
03.09.2009 - 17:03
“Bakı”nın maraqlandığı futbolçu borc içində üzür
Mövsümlərarası fasilədə “Bakı” klubunun maraq dairəsində olan braziliyalı Serjio Paşeku çətin vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasında mübarizə aparan “Sivasspor”dan komandamıza transferi baş tutmayan cənubi amerikalının həyat yoldaşı ailəsinin acınacaqlı durumu ilə bağlı müsahibə verib.

Debora Paşeku ərinə qarşı haqsızlıqların edildiyini və “Bakı”ya keçmək variantı haqda yalnız bu yaxınlarda xəbər tutduqlarını açıqlayıb: “Biz hələ də Sivasdayıq. “Sivasspor”un ərimi “Bakı”ya satması ilə bağlı yaydığı xəbər yalandır. Həmin vaxt biz Braziliyada istirahət edirdik. Məsələdən isə xeyli keçəndən sonra xəbərdar olduq. Serjio Hollandiyada “Roda” və “Breda”da oynayan vaxt ulduza çevrilmişdi. Bir çox klublar, o cümlədən “Sivasspor” onu heyətinə qatmaq istəyirdi. Bülənt Uyğun hər dəfə yeni müqavilə ilə müraciət edirdi. Nəhayət, 2008-ci ilin yanvarında oğlanlarımız Qabriel və Levini də götürüb Türkiyəyə gəldik. Yoldaşım 2011-ci ilin yayına qədər müqavilə bağladı”.

Braziliyalı gözəlçə Serjioya qarşı Bülənt Uyğunun əməllərinin ən yüksək həddə çatdığını da bildirib: “Əvvəl ehtiyat oyunçular skamyasında, sonradan tribunada oturmasını istədi. Bütün bunlara dözdüyünü görəndə onu alçaldan zarafatlara başladı. Serjio heç nəyə əhəmiyyət vermədən məşqlərini davam etdirdi. Müqaviləyə əsasən bizə verilən maşınımızı əlimizdən aldılar. Ərimi klubun bazasına buraxmırlar. Sivasda yaşadığımız vaxt daha bir uşağımız İbrahim Xosue dünyaya gəldi. İndi ailəmiz daha böyükdür. Bəs biz necə dolanaq? Braziliyada ev almaq üçün borca girmişik. Müqavilədəki pulumuzu alıb qaytarmalı idik. Lakin indi ağlaya-ağlaya qalmışam. Hər gün hədə-qorxu dolu zənglər gəlir. Müqavilənin qarşılıqlı razılıq əsasında pozmağımızı tələb edirlər. Əvəzində də gülünc təkliflər edirlər”.
0