“Bu dəfəki oyunda bilirsiniz nə gözləyirəm? Heç nə!”
03.09.2009 - 23:09
“Bu dəfəki oyunda bilirsiniz nə gözləyirəm? Heç nə!”
Lənkəranda daha iki əcnəbi peyda olub. Şəhərdə görünən digər futbol azarkeşlərindən fərqli, onlar Avropadan – Helsinkidən gələn finlandiyalı azarkeşlərdir. Lənkəranda gəzib-dolaşan Coni və Cerri hamının diqqətini cəlb etməyə də macal tapıb. Skandinaviyalılar təkcə şəhəri gəzməklə kifayətlənməyib, həm də alış-verişə vaxt tapır. Onların “göllər ölkəsi”ndən Azərbaycana gəlməyi də səbəbsiz deyil: dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də keçiriləcək matçda Coni ilə Cerrinin komandası Azərbaycan yığması ilə qarşılaşacaq.

Finlandiyalı qonaqlardan Coni daha ünsiyyətcil təsiri bağışlayır. Apasport.az saytının Lənkərana ezam olunan əməkdaşı ilə söhbətdə də bu özünü büruzə verdi. Danışmağa meylli olan azarkeş ilk növbədə havadan şikayətləndi: “Lənkəran gözəl şəhərdir. Amma bura çox istidir. Finlandiyada biz soyuqdan titrəyirik”.

Skandinaviyalı qonaq qarşıdakı matç haqqında da danışıb: “İki il əvvəl Bakıda sizin komandaya uduzmuşduq. Ötən il isə eyni hesabla qalib gəldik. Bu dəfəki oyunda bilirsiniz nə gözləyirəm? Heç nə”.

“Göllər ölkəsi”ndə də oyunun keçiriləcəyi stadiondakı azarkeşlər haqda məlumatlıdırlar. Elə Coninin də cənublu fanatlardan xəbəri var: “Eşitdiyimə görə, lənkəranlı azarkeşlər çox çılğındır. Onlar sevimli komandalarının qələbəsi üçün əllərindən gələni əsirgəmir. Bizimlə matçda da belə olacağını bilirəm”.

Coni və Cerri Lənkəranda çox darıxır. Buna onların istəyinə çatmamağı səbəb olub. Arzularının gerçəkləşməsi üçün finlandiyalı azarkeşlər bizdən kömək istədi: “Burda gecə klubunu necə tapmaq olar?”

Qonaqların sualını cavabsız qoya bilməzdik. Bizim cavab da qısa və lakonik oldu: “Yaxşısı budur ki, gecə klubunu oyundan sonra axtarasınız”.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək matça Finlandiyadan 40-a yaxın azarkeşin gələcəyi gözlənilir. Bu gün Lənkərana gələcək Finlandiya milli komandası ilə birgə ölkəmizə təşrif buyuracaq jurnalist və azarkeşlərdən ibarət nümayəndə heyəti “Qala” otelində məskunlaşacaq.
0