Littbarski: Foqts əla mütəxəssisdir, amma komandası hələ yaxşı deyil
04.09.2009 - 10:08
Littbarski: Foqts əla mütəxəssisdir, amma komandası hələ yaxşı deyil
“Bizim qrupda 2-ci yeri tutan komandanın pley-off oyunları sayəsində Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatının final mərhələsinə çıxmaq şansı yüksəkdir. Bütün qrupları izləyirəm və deyə bilərəm ki, Almaniya və Rusiya yığmaları digərləri ilə müqayisədə çox inamlı təsir bağışlayırlar. Hesab edirəm ki, Berti Foqtsun baş məşqçisi olduğu Azərbaycan yığması Almaniya və Rusiyadan xal ala bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının sabiq futbolçusu Pyer Littbarski deyib.

1990-cı ildə Bundestimin heyətində dünya çempionu olan veteran yarımmüdafiəçi 1982 və 1986-cı illərdə bu turnirin gümüş medalını qazanıb. Lixtenşteynin yeganə peşəkar klubu “Vaduts”un baş məşqçisi olan Littbarski milli komandamızın çalışdıran həmyerlisi Berti Foqtsu yaxşı tanıyır. Belə ki, o, Almaniya yığmasında Foqtsun rəhbərliyi altında oynayıb, “Bayer” klubunda isə köməkçisi olub: “Bu şəxs hələ futbol meydanlarında parladığı dövrdə həmişə yalnız qələbəyə köklənib. Ancaq məşqçinin özü meydana çıxa bilməz axı. Bəli, Berti – əla mütəxəssisdir, ancaq onun indiki komandası hələ kifayət qədər yaxşı deyil. Ümid edirəm ki, qrupumuzun qalibi məhz milli komandamız olacaq”.

Qeyd edək ki, yığmamız Almaniya ilə sentyabrın 9-da səfərdə, Rusiya ilə oktyabrın 14-də evdə görüşəcək.
0