“Çalışacağıq ki, gələcəkdə də yığmalarımız müxtəlif bölgələrdə də oynasın”
04.09.2009 - 12:20
“Çalışacağıq ki, gələcəkdə də yığmalarımız müxtəlif bölgələrdə də oynasın”
“Azərbaycan milli komandası ilk dəfə regionda rəsmi oyun keçirir. Bu münasibətlə futbol ictimaiyyətini təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Dünya çempionatının seçmə mərhələsinin sabah Lənkəranda keçiriləcək Azərbaycan – Finlandiya oyununun təşkilati işlərindən razı qalan assosiasiya rəsmisi qurumun rəsmi internet saytına açıqlama verib: “2008-ci ildə Rövnəq Abdullayev AFFA prezidenti seçilərkən futbolun inkişafına dair Dövlət Proqramına uyğun olaraq regionlarda müxtəlif beynəlxalq oyunların keçirilməsinin vacibliyini bildirmişdi. Artıq bu proses həyata keçirilir. Bütün təşkilatı işlər qaydasındadır. Çalışacağıq ki, gələcəkdə yığma komandalarımız ev oyunlarını yalnız paytaxtda deyil, ölkəmizin müxtəlif bölgələrində də keçirsin. Çünki bu tədbirlərin regionlarda futbolun inkişafına təkan verəcəyinə əminik”.

Məmmədov Lənkərandakı görüşə hazırlaşan yerli azarkeşlərin də unutmayıb: “Bu gün çox sevinirik və ikiqat məsuliyyət hissi keçiririk ki, milli komandamız Lənkəranda ilk rəsmi oyununa çıxacaq. Fürsətdən istifadə edərək, əvvəlcədən lənkəranlı azarkeşlərə minnətdarlığımızı bildiririk. Biletlərin satış sürətini nəzərə alaraq, əminliklə söyləyə bilərik ki, onlar komandamızı sabah fəal şəkildə dəstəkləyəcəklər. Azarkeşlərdən təhlükəsizlik qaydalarına da əməl etmələrini xahiş edirik”.
0