Uçan fin Lənkəranda – FOTOSESSİYA
04.09.2009 - 12:32
Uçan fin Lənkəranda – FOTOSESSİYA
Sabah dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək Azərbaycan yığması Finlandiya ilə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, əsas hücumçuları Mikael Forsellin xidmətindən məhrum olan skandinaviyalıların ümidləri Şefki Kuqiyədir. Yığma karyerasında 56 oyun keçirib cəmi 7 qol vuran 33 yaşlı hücumçu azərbaycanlı azarkeşlər üçün antiqəhrəman olmağı isə çoxdan bacarıb. Daha doğrusu yığmamız üçün finlərin gizli, eyni zamanda “qara” silahı məhz Kuqidir.

Belə ki, komandamızın tarixində ilk dəfə səfərdə Finlandiyadan xal almağına bu futbolçu mane olub. 2007-ci il noyabrın 17-də Helsinkidə keçirilən matçda Kuqi ölkəsinin qəhrəmanı oldu. Mahmud Qurbanovun hesabı açdığı, Mikael Forsellin bərabərlik qolu vurduğu görüşdə 33 yaşlı hücumçu 80-ci dəqiqədə meydana girdi. Cəmi 6 dəqiqə sonra isə mübahisəli və qalmaqallı qola imza atıb yığmasına qələbə gətirdi. Qapıçımız Fərhad Vəliyevə hücum edildiyi anda hakimin fitinin susması və Şefkinin fərqlənməsi millimizin Bakıya xalsız dönməsinə səbəb oldu.

Kuqinin daha bir xüsusiyyəti “uçması”dır. Fotoreportyorların daim havada “tutduğu” hücumçu sanki karyerasını elə yerdə yox göydə keçirib. “Uçmağı” isə hücumçu İngiltərədə öyrənib. Hazırda Almaniyanın “Koblents” klubunda çıxış edən Kuqi “Stokport Kaunti”, “Blekbern Rovers”, “Fulhem”, “İpsviç”, “Şeffild Uensdey” və “Kristal Pelas”dakı illərdə qanad açmağı öyrənib.
0