“Finlandiya ilə görüşdə sürprizlər olacaq”
04.09.2009 - 13:24
“Finlandiya ilə görüşdə sürprizlər olacaq”
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- Azərbaycan və Finlandiya yığmaları arasında sabah Lənkəran şəhər stadionunda keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin matçına hazırlıq işləri nə yerdədir?
- Çox şadıq ki, Azərbaycan milli komandası ilk dəfə Lənkəranda oynayacaq. Bu bir daha onu göstərir ki, futbolun inkişafına dair Dövlət Proqramı icra olunur. Xatırladım ki, cənab Rövnəq Abdullayev 2008-ci ildə AFFA prezidenti seçilərkən, müxtəlif beynəlxalq görüşlərin regionlarda keçirilməsinə çalışacağını bildirmişdi. İnşallah, belə bir rəsmi matç sabah Lənkəranda baş tutacaq. Təşkilati işlərlə bağlı hər şey qaydasındadır. Bu oyunun ilk hazırlıq işlərinə 3 ay öncə başlamışıq. FİFA-dan stadionun qəbul olunması, hava limanının beynəlxalq status almasına dair məktubları əldə etdikdən sonra təşkilati məsələlərin həlli sürətləndirildi. Mütəmadi olaraq, AFFA-nın əməkdaşları, eləcə də mən özüm Lənkəran şəhər İcra Hakimiyyətinin rəhbərləri, polis nümayəndələri, “Xəzər-Lənkəran” klubunun rəsmiləri ilə görüş keçirdik. Fürsətdən yararlanıb, Lənkəran şəhər İcra Hakimiyyətinin, “Xəzər-Lənkəran” klubunun, buranın hava limanının, eləcə də polis idarəsinin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Oyuna bir həftə qalmış Lənkəranda AFFA-nın ikinci ofisini açmaq qərarına gəldik. Təşkilati məsələlərə nəzarəti buradan həyata keçiririk, izləyirik, diqqət mərkəzində saxlayırıq. Azərbaycan - Finlandiya matçında bəzi sürprizlər gözlənilir. Azarkeşlər üçün bir sıra əyləncəli oyunlar planlaşdırmışıq. Lənkəran şəhər stadionunda milli komandadan öncə azarkeşlər futbol oynamaq imkanı qazanacaqlar. Futbol həvəskarları belə əyləncəli proqramda iştirak etmək şansına ilk dəfə yiyələnəcəklər. Özü də onlar futbolu ayaqla yox, əllə oynayacaqlar.

- Bilet satışı ilə bağlı son məlumatı öyrənmək istərdik. İndiyədək nə qədər bilet satılıb?
- Son məlumata görə, satışa çıxarılmış 12 min biletdən artıq 10 mini satılıb. Lənkəran azarkeşlərinə göstərdikləri fəallığa görə, təşəkkürümü çatdırıram. Əminliklə söyləmək olar ki, onlar sabah milli komandamıza çox güclü dəstək verəcəklər. Onu da deyim ki, Bakıdan Lənkərana təxminən 600 azarkeş gələcək.

- Oktyabrın 14-də dünya çempionatının seçmə qrup mərhələsində axırıncı matçın - Rusiya ilə görüşün də Lənkəranda təşkil olunmaq ehtimalı varmı?
- Biz beynəlxalq futbol federasiyalarına göndərdiyimiz məktublarda Rusiyanı Bakıda qəbul edəcəyimizi bildirmişik. Buna görə də oyunun paytaxtda keçiriləcəyini söyləmək olar. Təbii ki, biz təkcə Lənkəranda deyil, bütün regionlarda yığmanın matçlarını təşkil etmək niyyətindəyik. Ancaq Bakıda yaşayan azarkeşləri də futbolsuz qoya bilmərik. Gələcəkdə əsas milli komanda ilə yanaşı, digər yaş qruplarından ibarət yığmalarımızın oyununu da paytaxtdan kənarda keçirməyi nəzərdə tutmuşuq. Gənclərdən ibarət milli komandanın Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunlarını regionlarda təşkil etmək fikrimiz var.

- Dünən yığmamızın baş məşqçisi Berti Foqts dünya çempionatının seçmə mərhələsinin qrafikindən şikayətləndi. O vurğuladı ki, öncə Almaniya ilə qarşılaşmaq, ardından Finlandiyanı qəbul etmək yaxşı olardı. Foqtsun fikirləri barədə siz nə deyə bilərsiniz?
- Qrupda Azərbaycandan başqa komandalar da yer alır. Ona görə də qrafik ətrafında qızğın müzakirələr gedir. Berti Foqts ümumi qrafiklə razı idi və indi də razıdır. Lakin bəzi detallar var ki, bəzən əleyhimizə işləyir. Eyni zamanda, qrafikdə bizə üstünlük gətirən detallar da mövcuddur.

- Finlərlə görüşdə heç-heçəni uğursuzluq sayacaqsınız, yoxsa...?
- Sabahkı qarşılaşmada 1 xal da qazanc olacaq, 3 xal da. Ümidvaram ki, yığmamız bütün azarkeşlərə qələbə sevinci yaşadacaq və Lənkəranda keçirilmiş ilk rəsmi matç qalibiyyətlə yadda qalacaq.
0