Berti Foqts: Bir cənub şəhərində sonuncu şans!
04.09.2009 - 23:09
Berti Foqts: Bir cənub şəhərində sonuncu şans!
Bu gün Azərbaycan yığmasını 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti sınaq gözləyir. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu komandamız Lənkəran şəhərindəki mərkəzi stadionda Finlandiya ilə görüşəcək. Bu oyunla bağlı əsas diqqət çəkən məqam görüşün ilk dəfə paytaxtdan kənarda keçirilməsidir.

Futbol tariximizə düşəcək Lənkəran şəhər stadionu beynəlxalq tələblərə cavab versə də, şəhərdə hava limanı ilə bağlı problem öz sözünü deyirdi. Əvvəllər “Xəzər-Lənkəran” məhz bu səbəbdən avrokuboklarda ev oyunu doğma divarlar arasında deyil, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirməli olub. Taleyin işidir ki, Lənkəran mərkəzi stadionunda siftəni “Xəzər-Lənkəran” yox, ev oyunlarını adətən ölkənin baş arenasında keçirən milli komandamız edəcək. Futbolun bölgələrdə də inkişafını, kütləviləşdirilməsinə çalışan AFFA rəhbərliyi milli komandanın finlərlə matçının Lənkəranda keçirilməsi ilə bağlı beynəlxalq futbol qurumlarına rəsmi müraciətinə müsbət cavab alıb.

Lənkərandakı arena göz oxşayan infrastrukturu, əla meydançası və əlbəttə, çılğın azarkeşləri ilə seçilir. Məhz sonuncu amil komandamızın nəhayət, uğursuz sindromları qıracağı, nəticə qazanacağı ilə bağlı ümidlərimizi artırır. Yəni, artıq qol vurmağın, qələbə qazanmağın da vaxtı çatıb. Kim bilir, hələ ki buna həsrət qalan Foqtsun bəxti elə cənub şəhərində açılacaq?

Hər halda, milli komandamızın evdə qələbə qazanmaq üçün son şansı məhz finlərlə görüşün olduğunu desək, yanılmarıq. Axı bundan sonra öz meydanımızda digər oyun Rusiya ilə olacaq. Hazırda qrupumuzda 2-ci yerdə gedən şimal qonşularımız 2010-cu il dünya çempionatının seçmə mərhələsində son oyununu ölkəmizdə keçirəcək və yalnız qələbəyə köklənəcəyi heç şübhə doğurmur. Həm rəqibin gücünü, həm də turnir cədvəlindəki mövqeyini nəzərə alsaq, Foqtsun qalib gəlməsinin çox çətin olması reallığı göz özünə gəlir.

Deməli, Finlandiya ilə oyuna evdə qələbə qazanmaq baxımından son imkan kimi baxmaq olar. Elə son oyunda öz meydanında ruslara böyük hesabla uduzan (0:3) finlər dünya çempionatına düşə bilməyəcəyi ilə artıq barışıb.

Hər iki milli komanda Lənkərandakı görüşə ciddi itkilərlə çıxacaq. Sözsüz ki, yığmamızın əsas itkisi zədəli Rəşad Sadıqovla bağlıdır. Millimizin 27 yaşlı kapitanı həm müdafiə xəttinin, həm də komandanın lideridir və onun yoxluğunda problemlər özünü göstərə bilər. Foqtsun arxa xətlə bağlı qayğıları təkcə Rəşadla bitmir. Rail Məlikovla Aleksandr Çertoqanov cəzalı olduqları üçün finlərlə görüşdə iştirak etməyəcək. Rəqibin əsas itkisi isə əsas qol ümidlərindən olan Mikael Forselllə bağlıdır. Almaniyanın “Hannover-96” klubunda oynayan hücumçu zədəli olduğundan Lənkəranda meydana çıxa bilməyəcək.

Bu həmin Forseldir ki, finlərlə son görüşümüzdə (0:1) penalti zərbəsindən vurduğu qolla yığmamızı məğlub edib. Onun 11 ay öncə Helsinkidə məyus etdiyi Kamran Ağayevin yenidən milli komandamızın qapısını qoruyacağı gözlənilir. Artıq zədə problemini arxada qoyan Ağayevin “Xəzər-Lənkəran”da çıxış etməsi də az əhəmiyyət daşımır. Yəni həm Lənkəran stadionu, həm də oradakı azarkeşlər onun üçün yaxşı tanışdır. Foqtsun seçimdə Ağayevə, yoxsa onun yoxluğunda yığmamızın “1 nömrə”si olan Fərhad Vəliyevə üstünlük verəcəyi maraq doğurur. Heyətdəki problemlər “Xəzər-Lənkəran”ın milli komandamızda digər oyunçusu – yarımmüdafiəçi Rahid Əmirquliyevin də meydana çıxmaq şansını artırır.

Saat 20:00-da başlayacaq oyunu Stelios Trifonosun başçılıq etdiyi kiprli hakimlər briqadası idarə edəcək. Ona Atinodoros İoannou, Andreas Papapanayotu və Panisos Kaylis yardımçı olacaq.
0