Bütün dünyanın diqqət mərkəzinə düşən oyun
04.09.2009 - 15:48
Bütün dünyanın diqqət mərkəzinə düşən oyun
2010-cu il dünya çempionatının seçmə mərhələ oyunları arasında ən maraqlısı Argentinanın Rosario şəhərində baş tutacaq. Apasport.az saytının məlumatına görə, Cənubi Amerikanın “klassikosu” sayılan Argentina – Braziliya görüşü təkcə Amerika qitəsinin yox, bütün dünyanın diqqət mərkəzində olacaq.

Barışmaz, prinsipial rəqiblər 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində münasibətlərini ayırd edəcək. Rosario görüşün əsas simalarından olan Lionel Messi üçün özəl məkandır. Məsələ ondadır ki, Argentina milli komandasının 22 yaşlı lideri məhz burada boya-başa çatıb. Oyuna xüsusi motivasiya olunan Messi çərşənbə keçirilən məşqdə 5 qol vurub. “Barselona”nın lideri hər iki yığmanın heyətində dünya səviyyəli futbolçuların olmasına baxmayaraq, komandasının qalib gələ biləcəyini bildirib.

Braziliya milli komandasının baş məşqçisi Karlos Dunqa Messidən çəkindiklərini gizlətməyib: “Təbii ki, bu, belədir. Ancaq biz adi qaydada olduğu kimi oynamalıyıq. Rəqibin heyətində hər bir futbolçu diqqətə layiqdir. Yalnız bir futbolçunu fərqləndirib, qalan onunu unutmaq olmaz. Messinin istedadına hörmət edirik. O, komandamız üçün təhlükəli futbolçudur və mən bunu nəzərə alıram. Argentinalılar üçün bu görüş nə qədər vacib olsa da, həddən artıq aqressiv və sərt futbol gözləmirəm. Messini zərərsizləşdirmək üçün xüsusi müdafiə üsulu, taktiki sxem tətbiq etmək fikrimiz yoxdur”.

Dieqo Maradonanın çalışdırdığı Argentina yığması üçün qarşıdakı oyun həlledici olacaq. Öz zonasında 4-cü yerdə gedən argentinalıların hesabında 22 xal var və lider Braziliyadan 5 xal geri qalır. İkinci və üçüncü yerdə gedən Çili və Paraqvay yığmalarının müvafiq olaraq 26 və 24 xalı var. Məğlubiyyət Argentinanın dünya çempionatının çıxmasını böyük altına qoymuş olacaq. Nəticədə onlar 1970-ci ildən bu yana daim iştirak etdikləri mundialın final mərhələsindən kənarda qala bilərlər. Hər halda, Braziliya ilə oyunlarda statistika argentinalıların xeyrinədir. Belə ki, deş qat dünya çempionları 1995-ci ildən bu yana Argentinada qələbə qazana bilmirlər.

Qeyd edək ki, Argentina – Braziliya oyunu sentyabrın 5-də keçirilsə də, görüşün başladığı var ölkəmizdə artıq 6-sı olacaq. Bu da Amerika və Avropa qitəsində olan saat fərqi ilə bağlıdır. Rosariodakı görüş Bakı vaxtı ilə 05:30-da başlayacaq.
0