Azərbaycan yığması mərkəzi arenadan kənarda kimə uduzub?
04.09.2009 - 23:05
Azərbaycan yığması mərkəzi arenadan kənarda kimə uduzub?
Azərbaycan milli komandası Tofiq Bəhramov adına Respublika stadionundan kənarda uğurlu seriyaya malikdir. Apasport.az saytının hesablamalarına görə, bu gün Lənkəranda Finlandiya ilə rəsmi oyunda görüşəcək yığmamız ölkə daxilində keçirdiyi ev oyunlarında yalnız bir dəfə məğlubiyyət acısı dadıb.

Maraqlısı isə odur ki, həmin vaxt məhz finlər bizdən üstün olub. 6 il öncə “Şəfa” stadionunda keçirilən həmin görüşün sonunda Fərrux İsmayılovun vurduğu qol yalnız təsəlli xarakteri daşıyır və 2:1 hesabı ilə nəticələnən oyunda rəqib meydanı qələbə ilə tərk edib. Milli komandamız bundan sonra ev oyunlarını bir qayda olaraq Respublika stadionunda keçirib və xeyli fasilədən sonra kənarda baş tutan ilk görüş məhz finlərlə “duel”ə təsadüf edir.

Bu, Bakıdan qıraqda ilk rəsmi oyun kimi futbol tariximizə düşəcək. İndiyədək ölkə daxilində paytaxtdan kənarda yalnız Gəncədə rəqiblərini qəbul edən yığmamız hər 3 halda yoldaşlıq görüşündə qüvvəsini sınayıb və minimal hesabla qalib gəlib. Bakıdakı qalan ev oyunları isə yalnız “Şəfa” stadionunda olub.

Qeyd edək ki, milli komandamızın 17 illik tarixində ilk ev oyunları Türkiyənin Trabzon şəhərində keçirilib. AFFA 1994-cü ildə FİFA və UEFA-ya üzv qəbul olunandan sonra ilk rəsmi görüşlərini ölkə kənarında keçirmək məcburiyyətində qalıb. Həmin vaxt beynəlxalq futbol qurumları ölkəmizdəki vəziyyətin sabit olmamağını əsas gətirərək, ev oyunlarını vətəndə keçirməyə qadağa qoydu. Nəticədə 1996-cı il Avropa çempionatının seçmə mərhələ oyunlarında rəqiblərini qardaş ölkədə qəbul etməli olan milli komandamız keçirdiyi görüşlərdə uğursuzluğa düçar oldu və yalnız 1 xal qazandı.

Azərbaycan yığmasının Respublika stadionundan kənarda keçirdiyi ev oyunları

25 may 1993-cü il. Gəncə. Şəhər stadionu. Yoldaşlıq görüşü. Azərbaycan – Gürcüstan - 1:0

12 avqust 1998-ci il. Gəncə. Şəhər stadionu. Yoldaşlıq görüşü. Azərbaycan – Gürcüstan 1:0

28 noyabr 1998-ci il. Gəncə. Şəhər stadionu. Yoldaşlıq görüşü. Azərbaycan – Estoniya 2:1

5 sentyabr 2001-ci il. Bakı. “Şəfa” stadionu. 2002-ci il dünya çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Makedoniya 1:1

21 avqust 2002-ci il. Bakı. “Şəfa” stadionu. Yoldaşlıq görüşü. Azərbaycan – Özbəkistan 2:0

11 iyun 2003-cü il. Bakı. “Şəfa” stadionu. 2004-cü il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Serbiya və Çernoqoriya 2:1

6 sentyabr 2003-cü il. Bakı. “Şəfa” stadionu. 2004-cü il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Finlandiya 1:2
0