Bakster Lənkəranda ehtiyatlı danışdı: Azərbaycan yaxşı komandadır
04.09.2009 - 16:43
Bakster Lənkəranda ehtiyatlı danışdı: Azərbaycan yaxşı komandadır
“Azərbaycan milli komandasının seçmə mərhələdə bütün oyunlarına baxmışıq. Onu deyə bilərəm ki, yığmanız yaxşı komandadır”. Apasport.az saytının Lənkəran ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu fikirləri Finlandiya milli komandasının baş məşqçisi Stüart Bakster hava limanında jurnalistlərlə qısa söhbətində deyib.

Az öncə rəhbərlik etdiyi yığma ilə birgə Lənkərana gələn britaniyalı mütəxəssis sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla rəsmi oyunda görüşəcək. Ötən il Helsinkidəki oyunda (1:0) yığmamızı çətinliklə yenən Bakster fərqli məqama toxunub: “Həmin vaxtla müqayisədə milli komandanızın heyətində bəzi dəyişiklər edilib. Əsas dəyişiklik oyun sistemi ilə bağlıdır. Yığmanız ötən il Helsinkidəki görüşlə müqayisədə indi daha çox hücumameylli oyun nümayiş etdirir. Komandanızda gənc futbolçular üstünlük təşkil edir”.

Deyəsən, Lənkərandakı çox isti hava rəqibin baş məşqçisini halını dəyişdirib. Qələbə kəlməsini dilə gətirməyən Bakster ümumi sözlərlə kifayətlənib, bütün oyunların çətin olduğunu bildirib. O, komandanın liderlərindən olan kapitan, təcrübəli müdafiəçi Sami Hyuypiyanın da meydana çıxması ilə dəqiq bir şey söyləməyib: “Sami bizimlə birgə Lənkərana gəlib. Ancaq onun sabah milli komandanızla görüşdə iştirak edəcəyi bilinmir”.

Qeyd edək ki, cari mövsümdən Almaniyanın “Bayer” klubunda çıxış edən 36 yaşlı Sami indiyədək yığmamızla bütün görüşlərdə iştirak edib. O, son günlərdə düşərgədə olsa da, qripə yoluxduğundan məşqlərə qatılmır.
0