ARAŞDIRMA: “Suomilər” “əkə”lərin rekorduna Lənkəranda çatacaq
04.09.2009 - 23:17
ARAŞDIRMA: “Suomilər” “əkə”lərin rekorduna Lənkəranda çatacaq
Finlandiya milli komandası Azərbaycan yığmasının 17 illik tarixində özünəməxsus yer tutur. Apasport.az saytının hesablamalarına görə, komandamız indiyədək rəsmi oyunlarda ən çox məhz finlərlə görüşüb.

Düzdür, Özbəkistanla 8 dəfə oynasaq da, bunların hamısı yoldaşlıq görüşü xarakteri daşıyıb. Göründüyü kimi, sabah Lənkəranda keçiriləcək oyunla say bərabərləşəcək və finlər özbəklərin rekorduna şərik çıxacaq. Onu da nəzərə almaq lazımdır ki, Estoniya və Moldova ilə də 7 dəfə üz-üzə gəlmişik. Ancaq fərq ondadır ki, bu oyunların böyük əksəri – yəni 14-dən 12-si yoldaşlıq görüşləridir. Yığmamızı tarixində ən çox məğlub edən də məhz Finlandiyadır. Belə ki, “suomilər” 7 oyunun 6-da bizdən üstün olub, yalnız birində yenilib. Millimizi tarixi ərzində bu qədər məğlub edən ikinci komanda yoxdur.

Yığmamızın qol və qələbə həsrəti də Finlandiya ilə oyunlardan sonra başlayıb. Artıq 23 aydır rəsmi görüşlərdə qol vura bilməyən milli komandamız sonuncu dəfə Helsinkidə Mahmud Qurbanovun vurduğu qola sevinib. Sonuncu qələbəmiz də iki il öncəyə təsadüf etsə də, bu, ay baxımından daha əvvəl olub. Mahmud kimi, daha yığmaya çağırılmayan Emin İmaməliyevin Tofiq Bəhramov adına Respublika stadionunda vurduğu yeganə qol bizə tarixi qələbə qazandırdı. Bundan isə artıq 30 ay keçir.

Necə deyərlər, Finlandiya ilə başlanan uğursuzluqlara elə bu rəqiblə görüşdə son qoymağın vaxtı çatıb. Üstəlik, indiyə kimi finlərlə hər üç ev oyununda rəqib qapısına hərəyə bir dəfə yol tapmışıq. Deməli, Bakıdakı seriya Lənkəranda da davam edərsə, ən azı qolsuzluq həsrətimiz bitəcək.

Finlandiya ilə oyunlardan söz düşəndə Alan Hamer və Vaqif Sadıqovu mütləq xatırlamalıyıq. Lüksemburqlu FİFA hakimi olan Hamer milli komandamızın Helsinkidəki ilk üç görüşünü idarə edib. Bunu da futbol tarixində qeyri-adi olay saymaq olar. Hər halda, onun eyni komandalar arasında eyni stadionunda keçirdiyi ardıcıl görüşlərdə idarəçilik etməsi çox nadir hallarda müşahidə olunur. Özü də bu oyunların hər birində Hamer üç qol qeydə alıb.

Sadıqova gəlincə, milli komandamızın finlərlə ilk üç matçında sükanı arxasında bu mütəxəssis olub. Ümumiyyətlə, Finlandiya ilə ən çox görüşən yığmamızın baş məşqçisi Vaqif Sadıqovdur. Milli komandamızda ilk rəsmi oyunu “suomilər”ə qarşı olan bu mütəxəssisi elə “suomilər” bir dəfə yola salıb. Belə ki, 7 il öncə Helsinkidə böyük hesabla uduzan (0:3) Sadıqov qayıdandan sonra elə Bakıdakı hava limanında istefa verdiyini bəyan etmişdi. Millimizə 4-cü dəfə qayıdan 50 yaşlı məşqçi yenə finlərlə görüşmək imkanı qazanıb. Ancaq fərq ondadır ki, Sadıqov bu dəfə köməkçi məşqçi vəzifəsində çalışır.

Qeyd edək ki, Vaqif Sadıqov üç ay öncə milli komandamızın almaniyalı baş məşqçi Berti Foqtsun köməkçisi təyin edilib.

Milli komandamızın Finlandiya yığması ilə oyunları

2 aprel 1997-ci il. Bakı. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu.
Azərbaycan – Finlandiya 1:2
Nazim Süleymanov, pen
Baş məşqçi: Vaqif Sadıqov

8 iyun 1997-ci i. Helsinki. 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunu.
Finlandiya – Azərbaycan 3:0
Baş məşqçi: Vaqif Sadıqov

12 oktyabr 2002-ci il. Helsinki. 2004-cü il Avropa çempionatının seçmə mərhələ oyunu.
Finlandiya – Azərbaycan 3:0
Baş məşqçi: Vaqif Sadıqov

6 sentyabr 2003-cü il. Bakı. 2004-cü il. Avropa çempionatının seçmə mərhələ oyunu.
Azərbaycan – Finlandiya 1:2
Fərrux İsmayılov
Baş məşqçi: Əsgər Abdullayev

28 mart 2007-ci. Bakı. 2008-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Azərbaycan – Finlandiya 1:0
Emin İmaməliyev
Baş məşqçi: Şahin Diniyev

17 noyabr 2007-ci il. Helsinki. 2008-ci il Avropa çempionatının seçmə mərhələ oyunu.
Finlandiya – Azərbaycan 2:1
Mahmud Qurbanov
Baş məşqçi: Qyoko Hacıyevski (Makedoniya)

11 oktyabr 2008-ci il. Helsinki. 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunu.
Finlandiya - Azərbaycan 1:0
Baş məşqçi: Berti Foqts (Almaniya)
0