Stüart Bakster: Onlar məni öldürmək istəyirdilər
04.09.2009 - 18:44
Stüart Bakster: Onlar məni öldürmək istəyirdilər
Bu gün Finlandiya milli komandasının baş məşqçisi Stüart Bakster Lənkəran şəhər stadionunda mətbuat konfransı keçirib. Apasport.az saytının Lənkərana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, çalışdırıcı sabah dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı oynanılacaq matç barədə fikirlərini bölüşüb.

- Biz başa düşürük ki, oyun çox çətin olacaq. Bunun səbəbləri çoxdur. Çünki oyun tərzlərimiz fərqlidir. Həmişə evdə oynayan komanda güclü çıxış edir. Əlbəttə, bizə xallar lazımdır. Bilirəm ki, Azərbaycan yığması da 3 xal üçün mübarizə aparacaq.

- İki il öncə Bakıda keçirilən matça baxmısınız?
- Bəli.

- Özünüz üçün hansı nəticələri çıxarmısınız?
- Məşqçilər, oyunçular, eləcə də stadion fərqlidir. Amma bəzi amillər eynidir. Məsələn, səfər, adaptasiya baxımından fərqli heç nə yoxdur.

- Sizcə, Azərbaycan yığmasının üstün cəhətləri hansılardır?
- Komandada iddia böyükdür və çox çalışqandır.

- Azərbaycan milil komandası ötən il Helsinkidə keçirilmiş matçda daha çox müdafiə olunub. Bu dəfə isə hücumameyyli oyun göstərəcək. Bu, sizə çətin olmayacaq?
- Helsinkidəki görüşdə bizim qarşımızda azərbaycanlı oyunçular çox idi. Sabah isə əks-hücum taktikasına üstünlük verəcəyik.

- Belə çıxır ki, rəqibdən çəkinirsiniz?
- Yox çəkinmirik, hörmət edirik.

- Heç-heçə Finlandiya yığması üçün faciə sayılacaq, yoxsa Bakıdakı 0:1 hesablı məğlubiyyətdən sonra bunu irəliləyiş kimi dəyərləndirəcəksiniz?
- Hər iki komanda qalib gəlməyə çalışacaq. Heç-heçə isə yaxşı nəticə sayılmayacaq.

- Maraqlıdır, məğlubiyyət haqda düşünmüsünüzmü?
- Adətən oyundan öncə məğlubiyyət haqqında fikirləşmirik. Heç-heçə, qələbə və məğlubiyyət həyatın bir hissəsidir.

- Xəbəriniz varmı ki, lənkəranlı azarkeşlər Azərbaycanın ən çılğın fanatlarıdır. Bu, sizə psixoloji təsir göstərə bilərmi?
- Yox, təsir göstərə bilməz. Mənim yetirmələrim Çempionlar Liqasında oyun təcrübəsinə malikdirlər. Konqoda işləyərkən, 30 min tamaşaçının qarşısında matça çıxmışıq. Onlar məni hədələyidrilər, öldürmək istəyirdilər.

- Siz oyunun nəyə görə Lənkəranda keçirilməsi ilə maraqlanmısınızmı?
- Mən məşqşiyəm, siyasətçi deyiləm. Bizə deyiblər burda oynayın, biz də bura gəlmişik.

- Təxminən iki saatdır Lənkərandasınız. Bu şəhər haqda təəssüratlarınızı öyrənmək istərdik.
- Hava limanında bizi çox yaxşı qarşıladıalr. Şəhər təmiz görünür. İnsanlar qonaqpərvərdir. Lənkəran haqqında daha ətraflı sabah danışa biləcəyəm.

- Sabah gəzməyə çıxacaqsınız?
- Bəli. Sabah şəhəri gəzmək fikrimiz var.
0