Petri Pasanen Azərbaycanla Qazaxıstanı bir-birinə bənzətdi
04.09.2009 - 19:48
Petri Pasanen Azərbaycanla Qazaxıstanı bir-birinə bənzətdi
“Azərbaycanla oyunun yüngül olacağını fikirləşmirəm. Əksinə matç çətin keçəcək. Seçmə mərhələnin son qarşılaşmasında uduzmuşuq, bu dəfə qalib gəlməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiya yığmasının futbolçusu Petri Pasanen Lənkəran şəhər stadionunda keçirilən mətbuat konfransında deyib.

Gənc müdafiəçi sabah dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan və Finlandiya yığmaları arasında keçiriləcək matç haqda fikirlərini bölüşüb. Almaniyanın “Verder” klubunun da şərəfini qoruyan Pasanen bildirib ki, Azərbaycan və Qazaxıstan futbolu oxşardır: “Bir neçə gün öncə Avroliqada Qazaxıstan “Aktobe”sinə qarşı mübarizə apardıq. Favorit biz olsaq da, heç də asan deyildi. Zənnimcə, bu iki ölkənin futbolu bir-birinə oxşardır. İnanıram ki, təcrübəmizin çoxluğu sayəsində istəyimizə çatacağıq”.

Petri yerli azarkeşlərin onlara psixoloji təsir göstərməyəcəyini düşünür. Eyni zamanda o, Azərbaycan yığmasının heyətində heç bir futbolçunu adla tanımır: “İndi ad çəkə bilmərəm. Amma sabah onları meydanda görəndə tanıyacağam”.
0