Ballak: Bu sözlər Azərbaycan yığmasını incitmək üçün deyilməyib
05.09.2009 - 10:25
Ballak: Bu sözlər Azərbaycan yığmasını incitmək üçün deyilməyib
“Səmimi deyirəm, indi düşərgəmizdə Azərbaycandan çox Rusiya ilə oyun haqda düşünürlər. Səfərdə keçiriləcək bu vacib görüşə indidən diqqətimizi yönəltmişik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya milli komandasının kapitanı Mihael Ballak deyib.

Londonun “Çelsi” klubunun formasını geyinən 33 yaşlı yarımmüdafiəçi həmişə sözü düz deməsi ilə seçilib. Almanların növbəti rəsmi oyunları sentyabrın 9-da Hannoverdə Azərbaycan, oktyabrın 10-da Moskvada Rusiya yığması ilə olacaq. Milli komandamızla ev oyununda qələbə qazanacaqlarına şübhə etməyən Ballak rəqibə qarşı hörmət xətrinə deyilən sözləri kənara qoyub: “Nə gizlədək, Rusiya yığması kimi güclü rəqibə qarşı milli komandanın heyətində ildə 1, yaxud 2 oyun keçirirsən. Təbii ki, biz bu görüşü gözləyirik. Bu sözlərimi qrupumuzda digər iştirakçıların incitmək üçün deyilməyib, ancaq güclü rəqiblərə qarşı oyunlar həmişə maraqlı olur”.

Qeyd edək ki, Almaniya milli komandası bu gün öz meydanında Cənubi Afrika Respublikası ilə görüşəcək.
0