Rudi Föller: Qarşıdakı rəsmi görüşümüz Azərbaycanla olsa da...
05.09.2009 - 10:38
Rudi Föller: Qarşıdakı rəsmi görüşümüz Azərbaycanla olsa da...
“Qarşıdakı oyunlarımız Cənubi Afrika Respublikası və Azərbaycanla olsa da, Almaniyada indidən Rusiya ilə görüşün daha çox müzakirə edilməsi normal haldır”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya yığmasının sabiq baş məşqçisi Rudi Föller deyib.

Hazırda “Bayer” klubunda idman direktoru vəzifəsində çalışan veteran futbolçu Azərbaycan milli komandasını sentyabrın 9-da evdə yenəcəklərini düşünür. O, milli həmyerlilərinin yığmamızla yox, ruslarla görüşdə ciddi sınaq gözləyəcəyini gizlətmir: “Oktyabrda keçirəcəyimiz bu görüş həlledici olacaq. Axı bu 2 yüksək səviyyəli komandadan hansının dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacağı, hansının isə pley-off oyunlarında iştirak edəcəyi həmin səfər oyunumuzun nəticəsindən asılı olacaq. Rusiya yığması haqda yalnız ən xoş sözlər deyə bilərəm. Bu rəqibin əla baş məşqçisi, çox yaxşı futbolçu seçimi var. Ümumiyyətlə, rusların futbolu yüksəlişdədir. Almaniya milli komandasını Moskvada ciddi sınaq gözləyir”.

Föller sonda bildirib ki, Almaniya yığması üçün səfərdə ruslarla heç-heçə sərfəli nəticə olacaq.
0