Yoahim Löv milli komandamıza sürpriz hazırlayır
05.09.2009 - 12:03
Yoahim Löv milli komandamıza sürpriz hazırlayır
Almaniya yığması Cənubi Afrika Respublikası (CAR) ilə bu gün Leverkuzen şəhərindəki yoldaşlıq görüşünə eksperimental heyətlə çıxacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yoahim Löv əsas futbolçuları Azərbaycanla sentyabrın 9-da Hannoverdə keçiriləcək rəsmi oyuna qoruyacaq.

Bu, Lövün əsas köməkçisi Hans-Diter Flikin CAR-la oyun öncəsi bəzi sirləri açmasından sonra məlum olub. Əsas heyətdə “Volfsburq”un müdafiəçisi Marsel Şeferin meydana çıxacağı gözlənilir. Flik, həmçinin bildirib ki, “Ştutqart”ın futbolçusu Sami Hedira yığmada debüt edəcək: “Düzdür, onu ilk dəqiqələrdən, yoxsa oyunun gedişində meydana buraxacağımızı hələ müəyyənləşdirməmişik. Seçmə mərhələnin sonunda Rusiya və Finlandiya ilə vacib oyunlar öncəsi müxtəlif taktiki sxemləri yoxlamalıyıq”.

Flik “Verder”də oynayan türk əsilli yarımmüdafiəçi Məsut Özilin bu gün ilk dəqiqələrdən meydana çıxacağının dəqiqləşdiyini söyləyib. Belə olan halda, zədə üzündən yalnız iki gün öncə qrup halında çalışmalara qatılan kapitan Mihael Ballakın ehtiyatda qalacağı gözlənilir. Elə Ballakın da bu variantı istisna etməyib: “Gənc futbolçulara şans vermək lazımdır. Son vaxtlar Məsut fantastik forma yığıb. O, yığmada ən yaxşı keyfiyyətlərini göstərməyə layiqdir”.

Qeyd edək ki, Özillə Hedira üç ay öncə Almaniyanın gənclərdən ibarət yığma komandasının heyətində Avropa çempionluğunu qazanıb. Son vaxtlar zədədən əziyyət çəkən Məsutda bu problem yoluna qoyulub. Ümumiyyətlə, Almaniya yığmasında milli komandamızla oyuna hazırlıq prosesində zədəli futbolçu yoxdur.
0