25 dəqiqəlik sevinc...
05.09.2009 - 20:50
25 dəqiqəlik sevinc...
Bu gün Azərbaycan yığması 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti rəsmi oyununu keçirir. Berti Foqtsun baş məşqçisi olduğu milli komandamız Lənkəran şəhər stadionunda Finlandiyanı qəbul edir.

Apasport.az saytının sadiq oxucuları saat 20:00-da başlayan qarşılaşmanı onlayn rejimdə izləmək imkanına malikdirlər. Eyni zamanda, oyun sonrası mətbuat konfransı, baş məşqçi və futbolçuların görüşlə bağlı fikirləri da saytımızda yerləşdiriləcək.

Yığmamız indiyədək finlərlə 7 dəfə görüşüb. Bu oyunların 6-da skandinaviyalılar, birində isə komandamız qələbə qazanıb. Bu, həm də yığmamızın paytaxtdan kənarda keçirəcəyi ilk rəsmi oyun kimi futbol tariximizə düşəcək.

Azərbaycan - Finlandiya - 1:2
Qollar: Elvin Məmmədov, 49 - Markus Heykkinen, 74; Petri Pasanen, 85

Azərbaycan: Kamran Ağayev, Vladimir Levin, Saşa Yunisoğlu, Mahir Şükürov, Elnur Allahverdiyev, Rəşad Sadiqov, Ruslan Abışov (Cavid Hüseynov, 46), Samir Abbasov, Elvin Məmmədov (Rahid Əmirqulyev, 84), Vüqar Nadirov (Daniel Axtyamov, 72), Vaqif Cavadov.

Finlandiya: Yussi Yaaskelaynen, Petri Pasanen, Niklas Moisander, Hanni Tihinen, Aleksey Yeryemonko, Roman Yeryemenko, Timu Taynio (Yari Litmanen, 45+2), Veli Lampi, Markus Heykkinen, Conatan Yohansson, Şefki Kuqi (Daniel Syolund, 73/Conas Kolkka, 83).
Sarı vərəqə: Saşa Yunisoğlu, 77
Baş hakim: Stelios Trifonos
Baş hakimin köməkçiləri: Atinodoros İoannu, Andreas Papapanayito
Dördüncü hakim: Panikos Kailis
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)
Komissar: Rudi Zavrl (Sloveniya)

***Azarkeşlər oyunun startından təxminən 3 saat öncə Lənkəran şəhər stadionuna axışmağa başlayıblar. Matçın başlanmasına 1 saatdan çox qalmasına baxmayaraq, tribunaların yarısı dolub.

***Lənkəranın çılğın fanatları tribunalarda “Meksika dalğaları” yaradıblar. Bu hala dünya stadionlarında nadir hallarda rast gəlinir. Adətən “Meksika dalğalsı”nı oyun zamanı edirlər. Lakin Lənkərandakı əsl fanatlar bunu oyundan 1 saat öncə həyata keçirirlər.

***Əvvəlcədən bildirildiyi kimi, azarkeşlər futbol oynadılar. Özü də ayaqla yox, əllə. Fanatlar hava ilə doldurulmuş böyük topu tribunalarda bir-birinə ötürərək, dövrə vurdular.

***Azərbaycan yığmasının futbolçuları meydançaya daxil oldu. Futbol azarkeşləri onları sürəkli alqışlarla qarşıladılar.

***Oyunu AFFA prezidenti Rövnəq Abdullayev, “Xəzər-Lənkəran” rəhbərliyi, eləcə də deputatlar, dövlət rəsmiləri də izləyəcəklər.

***Finlandiya yığmasının ən təhlükəsli futbolçularından biri Sami Hyuyupyanın adı ilk “18-liy”ə belə düşməyib. O, Lənkərana zədəli gəlib.

***Tribunalarda boş yer tapmaq demək olar, mümkün deyil. Bu isə o deməkdir ki, yığmamızı 12 min azarkeş izləyəcək.

***Milli komandamızın kapitanı Samir Abbasov “Fair play” qaydalarını oxuyur və buna əməl edəcəklərini bildirir.

***Oyun başlandı.

5-ci dəq. Finlərin ilk təhlükəli hücumu. Conatan Yohansson cərimə meydanşasına daxil olub, zərbə vurur. Lakin bu topu tutmaq Kamran üçün çətin olmur.

9-cu dəq. Yığmamız ilk real qol vəziyyətini yaratdı. Mahir Şükürovun sağ cinahdan qapı önünə ötürməsinə nə Vaqif Cavadov, nə də Vüqar Nadirov toxuna bildi.

12-ci dəq. Növbəti hücumumuz da təhlükəli oldu. Rəşad Sadiqovun ötürməsindən sonra Vüqar topa birbaşa zərbə endirdi. Top “çərçivə”yə düşmədi.

18-ci dəq. Timu Taynio hesabı aça bilərdi. Onun yaxın məsafədən zərbəsi dirəyin yanından keçdi.

Oyun qarşılıqlı hücumlar şəraitində keçir. Komandalar ilk dəqiqələrdən açıq futbola üstünlük verirlər.

30-cu dəq. Milli komandamız kombinasiyalı hücum qurur. Top yarımmüdafiənin mərkəzindən cinaha - Mahirə ötürülür. O, topu birbaşa qapıya göndərsə, hücum nəticəsiz qalır.

Yerli azarkeşlər Lənkəran şəhər stadionunun əbəs yerə “Fırtınalar meydanı” adlandırılmadığını bir daha sübuta yetirməkdədirlər. Onlar bir an belə, dayanmadan futbolçularımızı qələbəyə səsləyirlər.

45+2-ci dəq. Timu Taynio zədələndiyi üçün Yari Litmanen meydançaya daxil olur.

Birinci hissə başa çatdı.

İkinci hissə başlandı.

46-cı dəq. Milli komandamızın da heyətində ilk dəyişiklik olunur. Ruslan Abışovu fasilədə yarımmüdafiəçi Cavid Hüseynov əvəzləyir.

49-cu dəq. QOOOOOOLLLL!!! Elvin Məmmədov hesabı açdı. O, cərimə meydançasının xətti üzərindən qapını dəqiq nişan aldı - 1:0

52-ci dəq. Qoldan cəmi 3 dəqiqə sonra Vüqar Nadirov hesab arasındakı fərqi artıra bilərdi. Ancaq onun təxminən 4 metrlik məsafədən zərbəsi qapının üstündən keçdi.

Hazırda Lənkəran şəhər stadionunda möhtəşəm atmosfer var. Azarkeşlərin belə çılğınlığını biz yalnız xarici oyunlarda görmüşdük...

60-cı dəq. Aleksey Yeryemenko cavab qolunu yaxın idi. O, başla topu qapıya istiqamətləndirdi. Kamran Ağayev düzgün mövqe seçmişdi.

64-cü dəq. Kamran yenə inamlı oynadı. Qapıçımız Roman Yeryemenkonun yaxın küncə ünvanladığı topu çətinliklə də olsa, tuta bildi.

Qonaqlar məğlub durumdan qurtulmaq üçün böyük qüvvə ilə irəli atılıblar. Amma müdafiəçilərimiz, eləcə də qapıçı Kamran Ağaayev səhvsiz oynayır.

Komandalar hərəyə bir dəyişiklik etdilər.

74-cü dəq. Təəssüf ki, yığmamız qol buraxdı. Heykkinen başla fərqləndi - 1:1.

77-ci dəq. Oyunda ilk sarı vərəqə Saşa Yunisoğluna göstərilir.

78-ci dəq. Kamran yığmamızı real qoldan xilas etdi.

85-ci dəq. Heyif ki, daha bir qol buraxdıq. Finlər cərimə meydançasında yaranan qarışıqlıqdan yararlanıb, önə keçdilər.

89-cu dəq. Hesabı bərabərləşdirə bilərdik. Vladimir Levinin zərbəsini rəqib müdafiəçi boş qapıdan çıxartdı.

Oyun başa çatdı. Yığmamız doğma meydan yenə məğlub oldu.
0