Elxan Məmmədov: Finlandiya komandasının qapısına 3 qol vura bilərdik
06.09.2009 - 02:06
Elxan Məmmədov: Finlandiya komandasının qapısına 3 qol vura bilərdik
“Finlandiya ilə oyun maraqlı keçdi. Nəhayət, qol vurub, sevinc yaşaya bildik. Milli komanda azarkeşləri sevindirdi. Ancaq təəssüf ki, futbolçularımız azarkeşlərdə bu hisləri sonadək saxlaya bilmədilər”. Bu sözləri apasport.az saytının Lənkərana ezam olunmuş xüsusi müxbiri ilə söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Lənkəran şəhər stadionunda keçirilmiş matçda yığmamızın Finlnadiyaya 1:2 hesablı məğlubiyyətinin səbəblərini açıqlayıb: “Bir daha məlum oldu ki, futbolçularımızda təcrübə çatışmır. Bunula belə, milli komandamız sürətli oyun nümayiş etdirir. Yüksək səviyyəli hücumlar təşkil etdik, 90 dəqiqə ərzində dayanmadan oynadıq. Finlandiyanın qapısına 3 qol vura bilərdik. Ancaq yığmamız təcrübəsizlikdən buna nail ola bilmədi. Yeri gəlmişkən, Lənkəran şəhər stadionun, şəhər İcra Hakimiyyətinin, buranın hava limanının və polis idarəsinin rəhbərliyinə təşəkkürümü çatdırıram. Lənkəranda yaşayan, eləcə də Bakıdan təşrif buyurmuş azarkeşlərə minnətdaram”.

Məmmədov vurğulayıb ki, finlərə məğlubiyyətə baxmayaraq, baş məşqçi Berti Foqtsla əməkdaşlıq ən azı müqavilənin sonundək davam etdiriləcək: “”Dünya çempionatının seçmə mərhələsində axırıncı matçımızı oktybarın 14-də keçirəcəyik. Bundan sonra AFFA İcraiyyə Komitəsinin üzvləri hesabat hazırlayacaqlar, təhlil aparacaqlar və yekun qərar verəcəklər. Qarşıda hələ 3 oyunumuz var. Təbii ki, biz dünya çempionatının final mərhələsinə çıxa bilməyəcəyik. Hər halda, komdamız oyundan-oyuna artırır”.

“Berti Foqtsdan narazılığınız varmı” sualını isə AFFA-nın baş katibi belə cavablandırıb: “Bunu demək çətindir. Çünki oyun yenicə qurtarıb. Fikrimcə, qarşılaşmanın videoyazısına təkrar baxmaq lazımdır. Şəxsən mən məşqçilik kursları keçməsəm də, milli komandamızın görüşlərinə bir neçə dəfə baxıram və lazımi qeydlər aparıram. Ona görə də bu sualı indi cavablandırmağa çətinlik çəkirəm”.
0