Milli komandamız Hannoverdə
06.09.2009 - 18:02
Milli komandamız Hannoverdə
Futbol üzrə Azərbaycan yığması dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşmaq üçün bu gün səfərə yollanıb. Apasport.az saytının məlumatına görə, milli komandamız oyunun keçiriləcəyi Hannover şəhərinə Lənkəran Hava Limanından çarter reysi ilə uçub. Təyyarə 4 saat 40 dəqiqəlik uçuşdan sonra yerli vaxtla saat 14 radələrində mənzil başına çatıb.

92 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində yığma üzvləri, AFFA rəsmiləri, futbol ictimaiyyətinin təmsilçiləri, jurnalistlər və azarkeşlər yer alıblar. Nümayəndə heyətinə AFFA-nın I vitse-prezidenti Rauf Əliyev başçılıq edir. Eyni zamanda, AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov, Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və digər rəsmilər qarşılaşmanı izləmək məqsədilə Hannoverə təşrif buyurublar. Milli komandamız “Kuins” otelində məskunlaşıb.

Qeyd edək ki, Almaniya - Azərbaycan oyunu sentyabrın 9-da “AWD-Arena” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 23:45-də start götürəcək matçın AzTV və “İdman Azərbaycan” telekanalları vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.