“Almaniya ilə oyunda yığmamızın xal qazanmaq şansı var”
06.09.2009 - 18:17
“Almaniya ilə oyunda yığmamızın xal qazanmaq şansı var”
“Mənə elə gəlir ki, finlərlə görüşdə “vurmayana vurarlar” prinsipi öz işini gördü. Hesabı açdıqdan sonra iki real qol epizodumuz olsa da, bunlardan yararlana bilmədik. Əksinə, rəqib bizim qapımıza 2 qol vurdu”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlu deyib.

Gənc müdafiəçi bildirib ki, dünya çempionatının seçmə qrup mərhələsində Finlandiyaya 1:2 hesabı ilə məğlub olan yığmamız bəxtsizliklə üzləşib: “Bəxt bizdən üz döndərib. Çox istəyirdik ki, azarkeşlərimizə qələbə sevinci yaşadaq. Bundan ötrü şansımız da böyük idi. Həm də Lənkəranda oynadığımız üçün azarkeşlərin dəstəyi, matça köklənməyimiz yaxşı idi. 1 yox, 3 xal qazanmaq niyyətində idik. Amma bəxtsizliklə üzləşdik. İkinci qolu vursaydıq, qələbəni əldən buraxmazdıq”.

Yunisoğlunun fikrincə, sentyabrın 9-da Hannoverdə Almaniyaya qarşı keçiriləcək matçda xal qazanmaq şansımız var: “Almaniyaya gözəl oyun göstərmək üçün gəlmişik. O ki qaldı xal qazanıb-qazanmayacağımıza, futbolda şans həmişə var. Hər şeyə 90 dəqiqənin tamamında aydınlıq gələcək”.