İsgəndər Cavadov qardaşı oğluna bəraət qazandırdı
06.09.2009 - 19:22
İsgəndər Cavadov qardaşı oğluna bəraət qazandırdı
“Fikrimcə, Finlandiya yığmasını məğlub etməli idik. Finlandiya elə komanda deyil ki, onlardan qorxaq. Bu kollektiv 5 il əvvəlki kimi güclü deyil. Amma milli komandamızın səviyyəsi aşağı olduğundan məğlubiyyətlə barışdı”. Bu sözləri apasport.az saytına açıqlamasında Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov deyib.

Sentyabrın 5-də Lənkəran şəhər stadionunda keçirilmiş Azərbaycan - Finlandiya matçı (1:2) barədə fikirlərini bölüşən veteran futbolçu məğlubiyyətin səbəblərini açıqlayıb: “Berti Foqts bura gələndə komandanı necə yığıbsa, elə də qalıb. Ötən illə müqayisədə, yığmada heç bir dəyişiklik görmürəm. Mən milli komandaya nə lazımdırsa, kömək edə bilərəm”.

Cavadov qardaşı oğlu, yığmanın hücumçusu Vaqif Cavadova bəraət qazandırıb: “Vaqif qol vurmasa da, bunun üçün şərait yaradır. Onun fərqlənməsi üçün yanında özü kimi hücumçu olmalıdır. Məsələn, bizim dövrümüzdə mən çox qol vurmurdum, şərait yaradırdım, Maşallah Əhmədov fərqlənirdi. İndi bütün yük Vaqifin üzərinə düşüb. Ön xətdə rəqib futbolçular onu izləyirlər, bilirlər ki, irəlidə nəsə yaradır. Futbol kollektiv idman növüdür. Hücumçu qol vurmursa, yarımmüdafiəçi, lap yeri gəlsə, müdafiəçi rəqib qapısına yol tapmalıdır”.

Üç gündən sonra dünya çempionatının seçmə qrup mərhələsində Almaniyaya qarşı keçiriləcək oyuna da toxunan federasiya prezidenti bunları əlavə edib: “Bu görüşdə bizim üçün problem yaranacaq. Şübhəsiz ki, matç ötən aydakından fərqli alınacaq. Almanlar öz azarkeşləri önündə çıxış edəcəklər, bu isə bizə həddən artıq çətinlik törədəcək”.
0