Hannoverdə 14 dərəcə isti və bir telekanal
06.09.2009 - 19:39
Hannoverdə 14 dərəcə isti və bir telekanal
Azərbaycan futbol yığması kəskin iqlim dəyişikliyi ilə üzləşib. Apasport.az saytının Hannoverə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirmək üçün Almaniyaya gələn milli komandamızın üzvlərini soyuq hava kütləsi qarşılayıb. Belə ki, Hannoverdə hava buludlu, temperatur isə +14 dərəcədir. Halbuki, futbolçularımız bir gün öncə Lənkəranda Finlandiyaya qarşı 32-34 dərəcə istidə mübarizə aparırdılar.

Milli komandamızı dəstəkləmək üçün Hannoverə ölkəmizdən təxminən 50 azarkeş gəlib. Oyun günü stadionda yığmamızı dəstəkləyənlərin sayının çox olacağı gözlənilir. Çünki AFFA rəhbərliyi Almaniyada yaşayan azərbaycanlıların, eləcə də türklərin stadiona gəlməsi məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyi ilə birgə müvafiq tədbirlər görüblər.

Yeri gəlmişkən, Hannover Hava Limanında yığmamızı cəmi bir jurnalist - RLT telekanalının əməkdaşı qarşılayıb. Futbolçularımızdan heç kimi tanımayan həmin jurnalist baş məşqçi Berti Foqtsdan müsahibə götürüb.

Xatırladaq ki, Almaniya və Azərbaycan komandaları arasında görüş sentyabrın 9-da Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
0